Festivalda 80-dən çox müğənni və qrupun iştirakı təsdiqlənib
      İyulun 26-dan 29-dək Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində növbəti "Jara" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Xəzər sahilinin üçüncü dəfə ev sahibliyi edəcəyi festivalda 80-dən çox ifaçının iştirakı təsdiqlənib. Bu məlumat festivalın saytında (zhara.az) yerləşdirilib.
   İyulun 26-da təqdim ediləcək qala-konsertdə Emin, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, Loboda, Aleksey Çumakov, Slava, Aleksandr Panayotov, Anna Sedokova, Yeqor Krid, Yuliya Kovalçuk, Nyusha və başqaları çıxış edəcəklər. İyulun 27-də Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri keçiriləcək. Festivalın üçüncü günü "Leninqrad" qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həmin günlərdə digər musiqiçilər də çıxış edəcəklər.
   Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
   "Jara" musiqi festivalı ilk dəfə 2016-cı ildə təşkil olunmuşdu. 2017-ci ilin 27-30 iyulunda ikinci festival gerçəkləşib.