Aprelin 6-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bayatı” kitab mağazasında şair-publisist Gülxani Pənahın “Poeziya Günü“ nəşrlər evində çapdan çıxmış “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabının təqdimat mərasimi keçirilib. AYB-nin katibi, Xalq şairi Fikrət Qoca, vaxtilə Mir Cəlalın dissertantı olmuş Xalq şairi Söhrab Tahir, tənqidçi Vaqif Yusifli kitabda görkəmli ədəbiyyatşünas-alim və yazıçı Mir Cəlal Paşayevin elmi yaradıcılığı, ədəbi-tənqidi görüşlərinin geniş şərh olunduğunu qeyd ediblər.
   Müəllif Mir Cəlal Paşayevin özündən əvvəl yaşayıb yaratmış görkəmli sənətkarların sənət yolunu, onların dil-üslub xüsusiyyətlərini orijinal bir şəkildə təhlil və tədqiq etdiyini araşdırıb, böyük ədib və alimin bir ədəbiyyatşünas kimi söylədiyi dəyərli fikirləri qələmə alıb.
   Şair-publisist Əlirza Xələfli, şairlər Fikrət Sadıq, Mahirə Abdulla, Firuzə Məmmədli, Qəşəm Nəcəfzadə, kitabın redaktoru Arifə Arifqızı və başqaları “Mir Cəlalın elmi-nəzəri görüşləri” monoqrafiyasını həm klassik, həm də XIX-XX əsrlərin ədəbi prosesləri, həmin dövrün Azərbaycan ədəbiyyatşünaslığı və bütövlükdə ümumtürk filoloji düşüncəsi üçün əhəmiyyətli bir hadisə adlandırıblar.
   Kitabın elmi redaktorları filologiya elmləri doktorları, professorlar Qara Namazov, İfrat Əliyeva, Rüstəm Rüstəmzadədir.