Rejissor Seyran Mahmudoğlunun “Neftin adamı” qısametrajlı sənədli filmi 21-25 noyabr tarixində Finlandiyada keçirilən Beynəlxalq Təbiət Filmləri Festivalında (“Wildlife Vassa International Nature Film Festival”) ölkəmizi uğurla təmsil edib. Festivalda 50-yə yaxın ölkədən 150-dən çox ekran əsəri nümayiş olunub.
   
   Azərbaycanlı rejissorun “Neftin adamı” sənədli filmi xüsusi mükafata layiq görülüb. Festivalda iştirak edən Seyran Mahmudoğlu və filmin ssenari müəllifi Esmira Əyyub ekran işinin maraqla qarşılandığını bildirdilər. “Neftin adamı” sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir. Filmin qəhrəmanı neftlə gözəl əsərlər yaradan rəssam Sabir Çopuroğludur. Neft həmçinin onun sağlamlığı üçün də önəmlidir. O, müalicə olunmaq üçün mütəmadi olaraq neft vannası qəbul edir. Bir sözlə, neft onun həyatında və sənətində hər zaman var.
   S.Mahmudoğlunun sözlərinə görə, nümayişdən sonra tamaşaçılar onlara yaxınlaşıb ekran əsərindən böyük təəssürat aldıqlarını bildiriblər: “Bu həm tanınmaq, həm də yeni tanışlıqlar, perspektivlər deməkdir. Film artıq festival həyatına qədəm qoydu, ümid edirik ki, uğurları çox olacaq”.
   Rejissorun sözlərinə görə, “Neftin adamı” filmi bu ay Hindistanda təşkil olunacaq “Third Eye Asian Film Festival”da (“Üçüncü Göz Asiya Film Festivalı”) da ölkəmizi təmsil edəcək. Filmin quruluşçu operatoru Əli Sultanov, səs operatoru Elşən Aslanov, rəng tərtibatçısı İbrahim Kərim, post prodakşn mərhələsində dizayneri Kseniya Diadorovadır.
   
   R.İsayeva