Tanınmış rejissor Elxan Cəfərov “Cinealliance” şirkəti ilə birgə yeni layihə üzərində işləyir. “İz” adlı layihə Azərbaycanın görkəmli yaradıcı şəxsiyyətlərindən bəhs edəcək. Rejissorun sözlərinə görə, layihənin maraqlı cəhəti ondan ibarətdir ki, burada yaradıcı ata və oğul ideyası əsas yer alacaq: “Tammetrajlı sənədli-bədii film olacaq. Artıq bəzi sənədli hissələrin çəkilişləri gedir. Bədii hissələr isə 2013-cü ildə çəkiləcək”.
   Rejissor 2012-ci ili yaradıcılıq baxımdan məhsuldar il hesab edir: “Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyimiz “Dolu” filmini tamaşaçılara təqdim etdik. Film Azərbaycanın bölgələrində, həmçinin Rusiyanın Moskva, Yekaterinburq, Sankt-Peterburq şəhərlərində göstərildi. Demək olar ki, hər yerdə tamaşaçı filmi qəbul etdi. Bu da bizim böyük uğurumuzdur”.