Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrdə çalışan gənc mədəniyyət işçiləri üçün “Ənənəvi və müasir mədəniyyət: ziddiyyətlər və hədəflər” mövzusunda debat-müzakirə keçirilib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin nəzdində yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” tərəfindən təşkil edilən tədbirə nazirliyin regional idarələrinin tabe müəssisələrinin gənc mədəniyyət işçiləri də qatılıb.

Elmi-Metodik Mərkəz tərəfindən ilk belə debat 2016-cı ildə Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarından gənclərin iştirakı ilə) təşkil edilmiş, pilot layihə daha sonra digər bölgələri əhatə etmişdi.

Bakıda keçirilən debatda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Şəmkir rayonu üzrə kuratoru Tural Əliyev, Binəqədi rayon MKS-nin işçisi Şəfiqə Ağayeva, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Nurəddin Babayev, Aygün Qasımova, Sənan Talıbov çıxış edərək qlobal və rəqəmsal mədəniyyətlə qədim mədəni mühitin harmoniyasındakı proseslərdən bəhs ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev qloballaşma dövründə ənənəvi və müasir mədəniyyətin müsbət və mənfi cəhətlərini qeyd edərək, bu sahədə həmkarlıq, əməkdaşlıq mühitinin yaradılmasından danışıb.