Türkiyənin TRT kanalı azərbaycanlı sənədli film rejissorlarını “TRT Sənədli Film Mükafatı-2013”də iştiraka dəvət edir. Dünyanın hər yerindən televiziyalarda çalışan sənədli film rejissorları TRT sənədli film mükafatı müsabiqəsinin qalibi olmaq uğrunda mübarizə aparacaqlar.
   
   TRT-nin Bakı nümayəndəliyindən bildiriblər ki, həvəskar və professional sənədli film rejissorları dəstəkləmək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək, rejissorlar arasında fikir mübadiləsinə imkan yaratmaq məqsədi daşıyan “TRT Sənədli Film Mükafatı-2013” üçün müraciətlər keçən il noyabrın 1-dən başlanıb.
   Telekanalın Bakı təmsilçisi Yüksel Değercan Azərbaycanın sənədli film prodüserlərini də “TRT Sənədli Film Mükafatı-2013” müsabiqəsində iştiraka dəvət edib.
   Milli və beynəlxalq olmaqla iki kateqoriyada reallaşdırılan TRT sənədli film mükafatlarında ilk yarımfinalı keçən filmlər mayın 9-dan 13-dək İstanbulda təşkil ediləcək TRT sənədli film günlərinin final gecəsində rejissorlarının iştirakı ilə tamaşaçı auditoriyasına təqdim ediləcək. Müraciətlər yanvarın 25-dək qəbul ediləcək.