Ötən il “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Dolu” bədii filmi Gürcüstanda nümayiş olunacaq. Ekran əsəri Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Tbilisidə təşkil edəcəyi tədbirdə təqdim ediləcək. Filmin Gürcüstanın digər iki şəhərində də təqdimatı nəzərdə tutulub.
   Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən filmin ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir. Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkiliblər.