Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Elməddin Əlibəyzadənin “Qarabağ” nəşriyyatında çapdan çıxmış “Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)” kitabının təqdimatı keçirilib.
   
   Xalq şairi Söhrab Tahir, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı, filologiya elmləri doktorları - Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov və başqaları kitabda Azərbaycan-türk ədəbiyyatının təşəkkülü, formalaşması və inkişaf tarixinin ən qədim dövrlərinin tədqiq edildiyini bildiriblər. Kitabın naşiri, tənqidçi Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professoru, fizika elmləri doktoru Əziz Məmmədov, şair-tərcüməçi Şamil Zamanov, iş adamı Şahid Həbibullayev və başqaları qədim şumer mədəniyyətinin və türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları olan “Bilqamis”, “Dədə Qorqud” dastanlarını və türkçülüyün digər qədim, möhtəşəm qaynaqlarını tədqiq edən 830 səhifədən ibarət kitabın ali məktəb dərsliyi kimi tədris olunmasını təklif ediblər.