Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra maraqlı nəşr layihələri həyata keçirilib. Onların bir qismi ilə ötən sayımızda (16 aprel) oxucularımızı tanış etmişik. Bu dəfə daha bir neçə kitab haqqında məlumat veririk.
   
     
   “Qobustan - Kiçikdaş abidələri”
   
   Cəfərqulu Rüstəmov və Firuzə Muradovanın “E.L” Nəşriyyat və Poliqrafiya Şirkətində çap olunan “Qobustan - Kiçikdaş abidələri” kitabında üç kolleksiya oxucuların diqqətinə təqdim olunur: “Qayaaltı”, “Kiçikdaş” və “Daşqışlaq”. Bu kolleksiyalar əslində bir Kiçikdaş dağı ərazisindədir. Tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü V.Əliyevin redaktorluğu ilə nəşr edilən kitabda Kiçikdaş dağı ərazisindəki qayaüstü təsvirlər geniş tədqiq edilib, hər bir daş ayrıca nömrəsi və coğrafi özəllikləri də daxil olmaqla bütün xüsusiyyətləri ilə birgə araşdırılıb, çoxsaylı fotoşəkillərdən istifadə olunub.
   Kitab qədim Qobustan abidələrinin daha əhatəli öyrənilməsi baxımından maraqlı mənbədir.
   
   “Kinoşünaslıq”
   
   Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Aydın Dadaşovun qələmə aldığı “Kinoşünaslıq” Azərbaycan dilində yazılmış ilk dərslikdir. Kitabda kino sənətinin yaranma və inkişaf prosesinin mövcud nəzəri əsasları, müqayisəli təhlil metodu ilə izlənməklə, təhlilə cəlb olunan filmlər mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırılır.
   2 hissədən (“Milli kinomuzun lal dövrü”, “Sükutdan sıyrılan səs”) və 7 fəsildən ibarət olan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlovdur.
   “Kinoşünaslıq”da eyni zamanda müxtəlif dövrləri və mövzuları özündə əks etdirən fotoşəkillər də yer alıb.
   Kitabın son fəsillərində müasir Azərbaycan kinosundan ətraflı bəhs olunur. Qarabağ mövzusuna aid ekran əsərlərindən isə ayrıca “Torpaq azadlığı” mövzusu ekranda” fəslində (III fəsil) bəhs olunub. Sonuncu fəsil isə dünyanın səsli kinosundan bəzi örnəklər təhlilə çəkilərək müvafiq paralellər aparılmaqla maraqlı nəticələr çıxarılıb.
   Kitab təkcə kino sahəsi üzrə təhsil alan tələbələr üçün deyil, eyni zamanda sənətin bu sahəsinə maraq göstərən insanlar və yaradıcı şəxslər üçün də maraqlıdır.
   
   “Koroğlu”. Aşıq havaları”
   
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, “Musiqi dünyası” jurnalının naşiri və baş redaktoru Tariyel Məmmədov tərəfindən hazırlanan “Koroğlu”. Aşıq havaları” monoqrafiyası şifahi epos ustadlarının - Koroğluxanların sənətkarlığı ilə bağlı problemlər kompleksinin ümumiləşdirilmiş tədqiqatıdır. Çoxsaylı yerli və xarici tədqiqatçıların müşahidələrinə və müəllifin özünün sahə ekspedisiya araşdırmalarına əsaslanan kitabda ənənəvi şifahi-eşitmə yolu ilə yaradılan peşəkar epik rəvayət mədəniyyətinin metodoloji xüsusiyyətlərinə xüsusi bölmələr həsr olunmuş, ənənələrin qorunması şəraitində, onlara əsaslanan mətn variantının tipoloji və poetik səciyyəsi verilib.
   Burada ilk dəfə olaraq, Koroğlu epik havalarının Azərbaycan və türk aşıqlarının ifasında yazılmış not yazıları, həmçinin, şəxsi arxivlərdə saxlanılan, 1938-1940-cı illərdə görkəmli Azərbaycan musiqiçiləri tərəfindən reallaşmış aşıq havalarının raritet not əlyazmaları işıq üzü görüb. Didaktik material kimi CD-diskdə Azərbaycan, türk, türkmən və qazax “Koroğlu” dastanlarından havalar təqdim olunub.
   
   “Abdulla Şaiq”
   
   Teymur Əhmədov tərəfindən qələmə alınan və “E.L” Nəşriyyat və Poliqrafiya Şirkətində nəfis şəkildə çap olunan “Abdulla Şaiq” kitab-albomunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli sənətkarı - şair, maarif və mədəniyyət xadimi, uşaq teatrının təməlçisi Abdulla Şaiq Talıbzadənin həyatı, mühiti və yaradıcılıq fəaliyyətinə həsr olunub. Burada yazıçının oğlu, Abdulla Şaiq mənzil-muzeyinin ilk direktoru, mərhum akademik Kamal Talıbzadə haqqında da bəhs olunub.
   Geniş oxucu auditoriyası və ədəbiyyatsevərlər üçün nəzərdə tutulan layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi məsləhətçilər mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, redaktoru isə Abdulla Şaiq mənzil-muzeyinin direktoru Ülkər Talıbzadədir.
   
   “Analar və laylalar”, “Simfoniya” və “Konsert”
   
   “E.L” Nəşriyyat və Poliqrafiya Şirkətində bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 3 not kitabı işıq üzü görüb: “Analar və laylalar” (Sözləri Teymur Elçinindir. Fotepiano və səs üçün), “Simfoniya” (Simli alətlər orkestri üçün partitura) və “Konsert” (Tar və orkestr üçün partitura)...
   
   “Kamança məktəbi”
   
   Musiqi və incəsənət məktəblərinin şagirdləri üçün nəzərdə tutulmuş Ramiz Mirişli və Nazil Mirişlinin “Kamança məktəbi” kitabında kamança çalmağın əsas qayda və üsulları öyrədilir.
   Dərs vəsaitinə daxil edilmiş bir çox etüd, pyes və Azərbaycan xalq rəngləri tədris prosesində müxtəlif bədii və texniki vəzifələr daşıyır.
   Dərs vəsaitinin strukturu kamançaya məxsus zəngin aplikatura imkanlarının açılmasına xidmət edir.
   Kitab “Təhsil” nəşriyyatında çap olunub.
   
   “Azərbaycan bəstəkarlarının əsərləri”
   
   Kitabı tar və fortepiano üçün işləyib köçürən, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevdir.
   Ali və orta ixtisas musiqi təhsili üzrə repertuarlarda geniş yer tutacaq məcmuə tədris və ifaçılıq zamanı ortaya çıxan bəzi problemlərin həllinə kömək edəcək.
   Müxtəlif janrlarda yazılmış bu əsərlərin tar və fortepiano üçün işlənərək köçürülmüş təqdimatından tar ilə yanaşı, kamança, qanun və digər xalq çalğı alətlərində də istifadə olunması mümkündür.
   
   “Abdulla Şaiq. Mənzil-muzeyi”
   
   Görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin mənzil-muzeyindən bəhs edən nəfis bukletə onun həyat və yaradıcılığını əks etdirən materiallar daxil edilib. Azərbaycan, rus və ingilis dillərində çap edilən bukletdə Talıbzadələr ailəsinin maraqlı fotoşəkilləri də yer alıb.
   Nəşrin tərtibatçısı Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadədir.