Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Lerik arxeoloji ekspedisiyasının nəzdində ali təhsil müəssisələrinin tələbələri üçün arxeoloji düşərgə fəaliyyətə başlayıb.

Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan arxeoloji düşərgənin məqsədi tələbələri Azərbaycan tarixi barədə əyani məlumatlandırmaq və onları elmi tədqiqat fəaliyyətinə cəlb etməkdir.

Arxeoloji düşərgələrin təşkili “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndinə (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının bəndinə (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.

Tələbələr Lerikin Gürdəsər kəndi yaxınlığındakı Piboztəpə antik dövr nekropolunda tədqiqatlar aparır, rayonun təbiəti, tarixi abidələri, qədim keçmişi və etnoqrafik irsi ilə tanış olurlar.