Almaniya paytaxtında keçirilən 63-cü Berlin kinofestivalı (7-17 fevral) başa çatıb. Festivalın baş mükafatına (“Qızıl ayı”) rumıniyalı rejissor Kelin Piter Netserin “Uşaq pozası” filmi layiq görülüb. Sosial dram avtomobillə bir uşağı vurub öldürmüş gənclə onu həbsxanaya düşməkdən qorumağa çalışan anasının münasibətlərindən bəhs edir.
   İkinci mükafat (Qran-pri) Danis Tanoviçin (Bosniya və Herseqovina) «Dəmir yığanın həyatından epizod» filminə verilib. Bədbəxt qaraçı ailəsindən bəhs edən filmdə baş rolu qeyri-peşəkar aktyor (qaraçı) Nazif Mujiç oynasa da, festivalın «Ən yaxşı kişi rolu»na görə mükafata (“Gümüş ayı”) layiq görülüb.
   «Ən yaxşı qadın rolu»na görə mükafata Çilidən Paulin Qarsia (“Qloriya”, rejissor Sebastian Lelio) sahib çıxıb. «Uçqunlar hökmdarı» filminin rejissoru amerikalı Devid Qordon «Ən yaxşı rejissor işi» mükafatını qazanıb.
   «Ən yaxşı ssenari»yə görə mükafata hazırda həbsdə olan güney azərbaycanlı Cəfər Pənahi (“Bağlı pərdə”) layiq görülüb. Ötən il o, hüquq müdafiəçisi Nəsrin Stude ilə birlikdə Avropa Parlamentinin təsis etdiyi Saxarov mükafatını alıb. Nəsrin Stude 2011-ci ildə «ölkənin milli təhlükəsizliyinə ziyan vurma ittihamı» ilə 11 il həbsə məhkum olunub. Cəfər Pənahi də eyni ittihamla 6 il həbs cəzası alıb.