“YARAT” Müasir İncəsənət Məkanı dünyanın məşhur qısametrajlı filmlərini təqdim edəcək
   
   Martın 10-da “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıdakı “28 Cinema Club”da “Future Shorts” festivalı çərçivəsində qısametrajlı filmlər nümayiş etdiriləcək.
   “YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, “Future Shorts” 90 ölkənin 325 şəhərində 45 min tamaşaçının iştirakı ilə keçirilən dünyanın ən nəhəng qısametrajlı filmlər festivalıdır. 2003-cü ildən etibarən festival dünya üzrə keyfiyyətcə yeni tamaşaçı auditoriyasının formalaşması və milyonlarla insanın prosesə qoşulmasını təmin edəcək rejissorlar üçün platformanın yaradılması ilə məşğuldur. Dünyanın ən füsunkar məkanlarında, ən heyrətamiz qısametrajlı filmləri və məşhur rejissorların əsərlərini nümayiş etdirən “Future Shorts” festivalı kütləvi kino yayım şəbəkəsinin yaradılması və tələbkar tamaşaçı auditoriyasının formalaşması istiqamətində fəaliyyətini davam etdirir.
   Festivalın payız mövsümündə dünyanın 42 ölkəsinin 135-dən çox şəhərində qısametrajlı film nümayiş etdirilib. Festivalın 2013-cü ilin martınadək davam edən qış mövsümü çərçivəsində bütün dünya üzrə 7 ən çox maraq doğuran qısametrajlı filmin nümayişləri nəzərdə tutulub.