«Mən oyun tərzimi ssenariyə əsasən qurmuşdum»
   
   Rejissor Şamil Əliyevin “Çölçü” filminin təqdimatından sonra Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlunu tanıtmaq üçün bir qəhrəman da yarandı - Cavan çölçü. Filmin yükünün çox hissəsi bu obrazın payına düşüb. Deməli, tənqid də, təqdir də daha çox bu aktyora yönəlir.
   
   - Aktyor və tamaşaçı kimi «Çölçü» filmindən razı qaldınızmı?
   - Bu suala cavab verə bilmərəm. Çünki bu sayaq filmlərə ən az 2-3 dəfə baxmaqla nəsə demək olar, mən isə bir dəfə baxmışam. Fərqli hisslər keçirdim. Darıxdım, sıxıldım, kədərləndim, sakitləşdim və s.
   - Filmin ideyası nədir və sizə nə dərəcədə yaxındır?
   - Mən bir şeyə çox təəssüflənirəm. Bilirsiniz, film bir dəfəyə doğulmur. Üç dəfəyə doğulur: ssenari yazılanda, çəkiliş meydanında, montaj masasında. İndi niyə təəssüfləndiyimi izah eləyim. Mən bütün oyun tərzimi Vidadi Həsənovun yazdığı ssenariyə əsasən qurmuşdum. Ssenaridə həqiqətən də bu çölçü çöldə yaşamaq istəmir. Onu çölün o tərəfi daha çox maraqlandırır. Belə olduğu halda ortaya çıxır ki, bu çölçü məcbur olaraq istəmədiyi bir yerdə yaşayır. Buna görə də Ulu ilə hər zaman aralarında soyuqluq vardı. Ulunun ona qoyduğu qadağalar var - “Qatar yoluna getmə. O tərəfə olmaz, çölə heç kimi gətirmə” və s. Əgər qadağalar varsa, artıq o qadağalara maraq var. Cavan çölçü hər zaman məhz bu çölün o tərəfinə can atır. Ulu öləndən sonra artıq o bütün bu qadağaları pozur. Çölə qadın gətirir, ona çox tez təslim olur. Artıq çöldən o tərəfdəkilər kimi geyinir. Çölə bu qızın arxasınca başqa adamlar gəlir. Çölçü də Ulunun bütün qadağalarını yadına salır və peşman olur. Maraqlısı da o idi ki, Ulunun həyatı cavan çölçüdə təkrarlanır. Sanki zaman təkrarlanır. Bu filmdə simvollardan çox istifadə olunur. Ulunun duz-çörəyə and içməsi, Ulu öləndə böcəyin arxası üstə çevrilib qalması, sal daşın dəvənin belinə bənzəməsi, çölçünün düzəltdiyi oyuncaqlar, dəvənin anidən çölçünün üstünə tüpürməsi və s.
   Bax belə... Mən ssenari üzrə filmi bu cür izah edə bilərəm. Amma film barəsində soruşsanız, mən deyərdim, bir cavan çölçünün sevgi macərasıdır. Başqa heç nə deyə bilmərəm. Bu obrazın sakitliyi, tərki-dünyalıgı, nağılları çox sevməsi, tez hirslənib, tez də sakitləşməyi və s. mənə yaxındır.
   - Rejissor oyun tərzi ilə bağlı sizə hansısa istiqamətlər verdimi? Çünki sizin filmdəki oyununuza «göstərmə»dir deyənlər oldu. Hətta onu Fayt Helmerin qəhrəmanlarının hərəkətlərinə bənzətdilər. Pafosludur, dedilər.
   - Əlbəttə ki, filmin çəkilişlərindən qabaq rejissorla məşqlərimiz və axtarışlarımız olurdu. Mən bu obrazı necə görürəm? Onun xarakteri necədir? Rejissor özü bu obrazı necə görür və s. Hərdən üst-üstə düşməyən fikirlər, hərdən də tam yerinə düşən fikirlər olurdu. Pantomima aktyoru olduğum üçün mənə bu obrazın vücud dili çox maraqlı idi. Bir də ki, obrazın sözləri də çox deyildi. Məşq zamanı bir neçə sözü ssenaridən çıxartmışdıq da. Mən təklif elədim ki, onun hərəkətləri belə sakit və eyni zamanda çılğın olsun. Çünki bu çölçü gözünü açıb dəvələri görüb, dəvələrlə böyüyüb. Niyə mən öz oyunuma dəvə obrazı qatmayım? Niyə onu təqlid eləməyim? Niyə onun kimi baxmayım? Onun kimi ürkməyim, onun kimi təəccüblənməyim? Mən düşünürdüm, bu obraz üçün dəvəni təqlid etmək düzgün olardı. Əgər mənim oyun tərzimi «göstərmə» deyə dəyərləndiriblərsə, çox gözəl. Buna görə sevinmək də olar. Haqlıdırlar, burda Vaxtanqovun “göstərmə məktəbi” (“şkola predstavleniə”) sisteminə üstünlük vermişəm. Amma orada elə səhnələr var ki, orda artıq “yaşama məktəbinə” üstünlük verilir.
   - «Çöl estetikası», dəvələr, tərki-dünya həyat tərzi. Bu, insana nə verir?
   - Təbiət həqiqətən də çox maraqlı və öyrəniləsi mənbədi. Çölə uyğunlaşmaq üçün gərək çöllə bir olasan. Çöldə bir sakitlik, bir açıqlıq, bir kimsəsizlik var. Çöldə bir sonsuzluq var. Çöldə dayanıb uzaqlara baxanda sanki çöllə, göyün birləşdiyini görürsən. Çöldə çoxlu nağıl var, çöldə çoxlu xəyal var. Çöldə küləyin səsi var. Çöldə özünü təbiətin bir hissəsi sayırsan. Çöldə çöldən başqa bir şey olmayanda dəvələrlə qarşılaşırsan. Onlarla dostlaşırsan, onlarla danışırsan. Onlar da elə sakit və maraqla sənə qulaq asır ki, hərdən onların dəvə olduğunu unudursan. Çox duyğulu və hissiyatlı heyvanlardı...
   - Bundan əvvəl «Vəkil hanı?» filminə çəkilmisiniz. Aktyor olaraq özünüzü filmlərdə yaradıcı-istiqamətləndirici yöndə görürsünüzmü?
   - Ülviyə Könülün «Vəkil hanı?» filmində vəkil obrazını canlandırmışam. Bu tamam fərqli və xarakterik bir obraz idi. Daha çox hadisələr üzərində qurulan müxtəlif hallara, müxtəlif vəziyyətlərə düşən, ordan məharətlə çıxan bir vəkil. Çox maraqlı bir obraz idi. Belə bir roldan sonra tamam fərqli, sakit, içinə qapanan bir Çölçü obrazı.
   Ssenaridən və aktyora təklif olunan roldan çox şey asılıdır. «Vəkil hanı?» filmində mənim yaradıcı olmağıma çox imkan var. Çünki burda konfliktlər çoxdur və fərqlidir. Obraz da xarakterik bir obrazdır. Amma «Çölçü» filmindən danışanda çöldə bir yeknəsəqlik var... Çöldə bir monotonluq var... Çölün özünəməxsus həzin bir əhvalı var. Artıq və yersiz bir hərəkət bu monotonluğu və əhvalı poza bilər.
   - Çəkilişlərdə yaşanan çətinliklər və maraqlı əhvalatlar...
   - Film çəkmək o qədər də asan bir iş deyil. Onun da özünə görə çətinlikləri olur. Çəkiliş zamanı çöl bir az isti idi. Bir az deyəndə ki, 50 dərəcə. Bu çətinlik olmaya bilər. Amma düşünəndə ki, bu istinin altında film çəkməlisən, bax o zaman çətinlik başlayır. Mən dəvəyə birinci dəfə minəndə dəvə qaçmağa başladı. «Eheyyy» eləyib dəvəni saxlamaq istədikcə dəvə lap bərk qaçırdı. Dəvəni saxlayandan sonra öyrənmişəm ki, «eheyyy» deyəndə dəvə daha da bərk qaçır.
   - Pantomima Teatrında çalışırsınız. Bu janrı seçməyiniz təsadüfidir? Ordakı rollarınızdan və tamaşalarınızdan danışın.
   - Artıq 8 ildir ki, Dövlət Pantomima Teatrında çalışıram. Tanışlığımı təsadüfə bağlaya bilərəm. Mən bu teatrda çalışmaq üçün düz 5 il gözləmişəm. Hər halda gözləməyinə dəyər. Burda bir-birindən fərqli rollar oynamışam. Biz həm yazır, həm qurur, həm də oynayırıq. Artıq Pantomima Teatrında 4 tamaşam var - «Dejavü», «Qaranlıq», «Unutmayaq», «No comment». Sonuncu tamaşada müəllimim Bəxtiyar Xanızadə, Əflatun və mən bir yerdə işləmişik.
   - Bu sual ənənəvidir. Son oxuduğunuz bədii əsər...
   - Son zamanlar içimdə qəribə bir qorxu yaranıb: mən bu əsərləri oxumamışam, bu yazarla tanış deyiləm və s. Bir ay ərzində F.Dostoyevskinin «Ölü evdən qeydlər» və F.Kafkanın «Məhkəmə» romanını oxumuşam. Bundan sonra Orxan Pamukun «Mənim adım qırmızı» romanını oxuyurdum ki, dayandım (bu əsəri artıq üçüncü dəfədir yarımçıq saxlayıram) və içimdən C.Məmmədquluzadəni oxumaq keçdi. Hazırda onun əsərlərini oxuyuram və inanın ki, çox dincəlirəm. Vallah və billahi, bütün dünya yazarları cəm ola, bizim Mizə Cəlili heç birinə dəyişmənəm ki, dəyişmənəm (gülür).
   
   Aliyə