Sərhədçilərin qonağı olublar

Lənkəran şəhər Mədəniyyət mərkəzinin kollektivi 18 avqust – sərhədçilərin peşə bayramı günü münasibətilə Lerik dağlarında 2800 metr yüksəklikdə yerləşən N saylı hərbi hissənin sərhəd zastavalarının qonağı olub.

Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə sərhədçilərlə görüşdə çıxış edərək onları bayram münasibətilə təbrik edib.

Müğənnilər Oksana Hüseynova, Rəhim Hüseynov, Ofelya Haşımova vətənpərvərlik ruhlu, şən nəğmələr oxuyublar. Mərkəzin “Ay lolo” rəqs ansamblının üzvləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər. Bədii qiraət ustaları Ağacəfər Fətullayevin və Fatimə Mirzəzadənin  söylədiyi şeirlər də sərhədçilərin ürəyincə olub. Onlar mahnıları müğənnilərlə, rəqsləri isə rəqs ansamblının üzvləri ilə birlikdə ifa ediblər.

Mədəniyyət mərkəzinin heyəti iki gün ərzində dağ başındakı 6 zastavada konsert proqramları ilə çıxış edib. Bu konsertlər əsgərlərlə bərabər yaradıcı kollektiv üçün əlamətdardır. Ölkənin ən yüksək sərhəd zastavalarında olmaq, sərhədçilərin həyat və xidmət şəraiti ilə tanış olmaq, konsertlər vermək, onların zövqünü oxşamaq, onları şənləndirmək hər kollektivə nəsib olmur. Avqustun 18-də sərhəd hərbi hissəsində keçirilən təntənəli mərasim zamanı təltif olunanlar sırasında Lənkəran Mədəniyyət mərkəzinin yaradıcı kollektivi də vardı.