Aprelin 26-da görkəmli yazıçı və ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 102-ci ildönümü tamam olur
   
   Zaman onu bizlərdən uzaqlaşdırdıqca böyüklüyünü, aliliyini daha çox hiss edirik. Böyük şəxsiyyət, vətəndaş və müəllim Mir Cəlal Paşayev. Vəfatından 32 il ötsə də, nəcib əməllərilə, nümunəvi, böyük şəxsiyyətilə qəlblərdə yaşayan, yeri görünən, işıqlı, sözün əsl mənasında ziyalı, fitrən xeyirxah insan. Mir Cəlal müəllim yaddaşlarda belə yaşayır.
   
   
   Xalid Əlimirzəyev, BDU-nun professoru:
   - Mir Cəlal Paşayev Azərbaycanın XX əsr ədəbi və ictimai fikir tarixində xüsusi yeri, çoxcəhətli yaradıcılığı, öz üsulu, ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyətdir. Bədii əsərləri, məqalə və kitabları göstərir ki, onun ədəbiyyatşünaslığımızın, elmi fikrimizin tarixində mühüm xidmətləri var. Yaradıcılığı, elmi əsərləri xalqımızın mədəni inkişafında, mənəvi təkamülündə mühüm rol oynayıb və gələcəkdə də öz ictimai-tərbiyəvi əhəmiyyətini itirməyəcək. Bütün problemlərə humanist cəhətdən yanaşan müəllimimiz ictimaiyyətə münasibətilə də seçilirdi, nurundan hamıya pay düşən əsl ziyalı, daxilən mədəni insan idi. Yaxşılıq edəndə də özünü elə aparırdı ki, bunu heç kəsə hiss etdirməsin. Gördüyü xeyirxah işləri tez unudurdu.
   Böyük alim olmaqla yanaşı, həm də təmənnasız, müdrik insan idi.
   Mir Cəlal gənclərə xüsusi qayğı göstərirdi. Övladlarıyla tələbələrinə heç bir fərq qoymazdı, insanları, ailəsini sevən adam idi. Tələbələrindən heç nəyi əsirgəməzdi, müşkül işlərini həll etməyə çalışardı. Mir Cəlal müəllim sadə insan olsa da, bu sadəliyin arxasında böyük vətəndaşlıq, müdriklik, şəxsiyyət dayanırdı. Qəti mövqeyi, cəsarəti, prinsipiallığı, namuslu, qeyrətli insan olmasıyla həmişə seçilirdi. O, hələ həyatda ikən insanların qəlbində öz abidəsini ucaltmışdı.
   Müəllimimizdən yaddaşlarda qalan çoxlu xoş xatirələr var. Onlardan bir çoxunu “Mənəvi borc” (redaktoru da Mir Cəlal müəllimin yetirməsi - professor Təhsin Mütəllimovdur) kitabımda qələmə almışam. İstəmişəm ki, ömrü boyu xalqına, vətəninə namusla, ləyaqətlə xidmət etmiş, müasir Azərbaycan ədəbiyyatının və filoloji elminin böyük simalarından olan Mir Cəlal Paşayevin parlaq şəxsiyyəti, vətəndaşlıq mövqeyi, ictimai-əxlaqi məramı, ədəbi-elmi, pedaqoji fəaliyyəti, ailə-övlad münasibətləri və digər önəmli keyfiyyətləri gələcək nəsillərə də çatsın. Ondan öyrənməyə çox şey var. Belə insanların yeri cəmiyyətdə həmişə görünür. Allah sevimli müəllimimizə qəni-qəni rəhmət eləsin...
   Faşizm üzərində qələbənin 65 illiyini qeyd etməyə hazırlaşdığımız bugünlərdə Mir Cəlal müəllimin ədəbi fəaliyyətinin, yaradıcılığının bu tarixlə bağlı məqamlarına da diqqət yetirmək istərdim. Mir Cəlal Böyük Vətən müharibəsi illərində də məhsuldar işləyib. Həmin illərdə o da qələmini süngüyə çevirmiş, xalqın faşizmə qarşı qəzəb və nifrətini ifadə edən, oğulları igidliyə, şücaətə çağıran, arxa cəbhədəki adamlarımızın fədakarlığını, əzmini, mənəvi qüdrətini, ana-bacılarımızın, gəlinlərimizin sədaqətini, etibarını təsvir və təqdir edən hekayələr yazıb. Onun “Qardaş qanı”, “Vətən yaraları”, “Boz adam”, “Şərbət”, “Atlı”, “Odlu mahnılar”, “Göylər adamı”, “Çıraqlar yandı” və s. hekayələrində adamlarımızın vətənpərvərliyi, yüksək əxlaqi-mənəvi keyfiyyətləri, mətanəti real, inandırıcı boyalarla təsvir olunub.
   Faşizmin insanlığa zidd, yırtıcı təbiətini ifşa edən satirik hekayələrində ədib bədii gülüşü daha da dərinləşdirmiş, tamamilə yeni keyfiyyətlərlə zənginləşdirmişdir. Dərin nifrət, qəzəb ifadə edən bu gülüşün məzmunu, mahiyyəti böyük ictimai-siyasi məna kəsb edir, insanlığın taleyi, gələcəyi, səadəti kimi ciddi bəşəri məsələlərlə bağlanır. Buna görə də şübhəsiz ki, faşizm üzərində qələbə çalınmasında digər yazıçılarımız kimi, Mir Cəlalın da xidməti var.
   
   Cəlal Abdullayev, BDU-nun kafedra müdiri, professor:
   - Mir Cəlal Paşayev ötən əsr Azərbaycan ədəbiyyatının klassik yazıçılarındandır. Yaradıcılığı çoxşaxəli olan nasir 30-cu illərdən etibarən ədəbiyyatımızın, ədəbi proseslərin inkişafında çox fəal iştirak edib. O, gözəl hekayəçidir. Onun hekayələrində realist Azərbaycan nəsrinin ənənələri, poetikası, mövzu istiqaməti çox güclüdür. Bundan əlavə, onlar məhz Mir Cəlala məxsus üslubda yazılmış hekayələrdir.
   Mir Cəlalın XX əsr Azərbaycan ədəbiyyatında mövqeyini təyin edən amillərdən biri onun roman janrına böyük əhəmiyyət verməsi, öz əsərlərilə onu daha da zənginləşdirməsidir. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır ki” romanları həqiqətən də Azərbaycan ədəbiyyatının gözəl, klassik nümunələrindəndir. Onlarda Azərbaycan tarixi, xalqımızın mübarizəsi, milli özünüdərki əksini tapıb.
   Mir Cəlal həm də böyük ədəbiyyatşünas kimi çox dəyərlidir. O, ötən əsr Azərbaycan ədəbiyyatının ilk mərhələsini tədqiq etmiş alimdir, yazıçıdır. Onun əsərləri içində “Füzuli şeirinin poetik xüsusiyyətləri” monoqrafiyasının adını çəkmək yerinə düşərdi. Bu, klassik şairimiz haqqında son dövrdə yazılan ən yaxşı əsərlərdəndir. Burada Füzuli şeirinin ideyası, fəlsəfi mahiyyəti açılıb göstərilmiş, qiymətləndirilmişdir. Həmin tədqiqat əsərində Füzuli poetikası möhtəşəm şəkildə açıqlanmış, onun milli şeirimizin sonrakı inkişafına təsir göstərən xüsusiyyətləri öz inikasını tapmışdır.
   Mir Cəlal müəllim onu tanıyanların hamısı üçün doğma, əziz bir şəxsiyyətdir. O, çoxumuza atalıq qayğısı göstərirdi. Tələbələri indi də onun xeyirxah əməllərindən, alicənablığından danışırlar. Belə alimlərə, saf, pak, xeyirxah insanlara cəmiyyətimizdə böyük ehtiyac var.
   Mir Cəlal müəllim həm də mehriban ata, yaxşı ailə başçısı olub. Musiqi kollecində fortepianodan dərs deyən qızı - Əməkdar müəllim Elmira xanım Paşayeva onun haqqında ürək sözlərini bizimlə bölüşdü:
   - Atam müdrik, təvazökar, obyektiv, sadə, səmimi, təmiz, insanpərvər adam idi. Öz davranışıyla biz övladlarına da həmişə nümunə olub. Heç vaxt üstümüzə səsini qaldırmaz, kobud söz deməzdi. Məmnuniyyətlə dərslərimizi başa salar, suallarımızı cavablandırardı. Atamız hərtərəfli biliyə malik idi. Duzlu söhbətləri, incə yumoru indi də yadımızdadır. Müəllim adına şərəflə yanaşır, tələbələrini çox sevirdi. Gəncləri incidən müəllimləri heç xoşlamazdı. İstedadlı tələbələr gözünün işığı idi, belələrinə hər cəhətdən qayğı göstərərdi. Öz geyim əşyalarından da aparıb imkansız tələbələrinə verərdi ki, əyinləri nazik olmasın. Hətta bir dəfə qardaşım Arifin almalı olduğu evin tələbəsinə verilməsi üçün şəxsən özü gedib Mehdi Hüseynə ağız açmışdı.
   O, əsasən gecələr yazırdı. İş otağında divardan Səməd Vurğunun şəklini vurmuşdu. Bu insanın özünü də, yazdıqlarını da çox sevirdi. Əslən Cənubi Azərbaycandan olan atam sonralar Gəncədə yaşamış və Səməd Vurğunla da elə burada tanış olmuşdu. Sonralar bu əlaqə böyük dostluğa çevrilmişdi. Atam dostluqda da möhkəm, etibarlı insan idi. Yaxşı adamları heç vaxt itirmək istəməzdi. Xoşu gəlməyən adamlar barədə isə heç danışmazdı. Sanki belələri onun üçün yox idilər. Tanınmış alimlər Mehdi Əliyev, Şəfayət Mehdiyev, Həmid Araslı, yazıçı Süleyman Rəhimov yaxın dostlarından idi. Anam Püstəxanımla evlənərkən şahidləri Mikayıl Müşfiq olub. Toylarında isə Cabbar Qaryağdıoğlu da iştirak edib. Onlar “Gənc işçi” qəzetində işləyərkən tanış olmuşdular. Anam gül-çiçəyi çox sevib onları dibçəklərdə böyütdüyündən ona “Gül bəsləyən qız” hekayəsini ithaf etmişdi. İlk nəvəsi qızım Aytəkin olduğundan ona da həsr etdiyi hekayələri var. “Oğlum Arifə”, “Gözün aydın” kitabları da ailə üzvlərimizə ünvanlanıb.
   Yeri gələndə tələbkar olmağı bacaran atamın mülayim xasiyyəti vardı, heç kəsin xətrinə dəyməzdi. Biz ailədə beş övlad idik - üç qardaş, iki bacı. Övladlarını həmişə mehriban görmək istəyirdi. İndi hamımız ailə başçısı olsaq da, aramızdakı əvvəlki mehribanlıq heç azalmayıb. Atam həmişə deyirdi ki, övladlarımın hər biri mənim üçün bir əsərdir. Həqiqətən də biz ondan çox cəhətləri götürmüşük. Atamızın müəllim şəxsiyyətinə olan böyük hörmətinin nəticəsidir ki, bacım Ədibə xanım da, mən də özümüzə müəllimlik peşəsini seçdik. Ailədə, evimizdə olduğu kimi, müəllimlikdə də atamızın qoyduğu ənənələri davam etdirməyə çalışırıq. Filologiya sahəsini Ədibə xanımdan başqa mərhum qardaşımız Aqil də seçmişdi.
   Atam dünyasını dəyişəndə cəmi bir neçə ay idi ki, 70 illik yubileyi keçirilmişdi. Ömrünün son günlərində də onun üçün çox doğma olan universitetə gedib dərslərini deyirdi. Heç vaxt xəstə yatmayan Mir Cəlal ölümə qəfil tuş gəldi... 2008-ci ildə Mir Cəlalın 100 illik yubileyi UNESCO səviyyəsində qeyd olundu, əsərləri müxtəlif dillərə tərcümə edilib, onu tanıyanlar hələ də xatirəsini xoşluqla yad edib, xeyirxah əməllərindən danışırlar. Biz onun övladları olduğumuz üçün həmişə fəxr etmiş, özümüzü xoşbəxt sanmışıq.
   
   İradə Əsədova