Məşhur aktyor Yuri Yakovlevin 85 yaşı tamam oldu
   
   Keçmiş SSRİ ölkələrində bir çoxları onu “İvan Vasilyeviç peşəsini dəyişir”də İvan Qroznı, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmində İppolit obrazları ilə tanıyıb və sevib. Söhbət məşhur kino və teatr aktyoru, Rusiyanın Xalq artisti Yuri Yakovlevdən gedir.
   
   O, 1928-ci il aprelin 25-də Moskvada anadan olub. Atası Vasili Yakovlev vəkil, anası Olqa İvanova isə tibb bacısı olub. Böyük Vətən müharibəsi başlayanda ailələri Ufa şəhərinə köçür. 1943-cü ildə Moskvaya qayıdırlar. Əməksevər Yuri ailəsinə kömək etmək üçün Amerika səfirliyinin qarajında işləməklə bərabər, gecə məktəbində də oxuyur.
   1948-ci ildə Yuri sənədlərini Ümumittifaq Kinematoqrafiya İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Həmin il B.Şukin adına Teatr Məktəbinə daxil olur və iki il təhsil aldıqdan sonra Vaxtanqov adına Dövlət Akademik Teatrında işə düzəlir. O, teatrda ümumilikdə 70-ə yaxın bir-birindən maraqlı obraz yaradır.
   Məşhur aktyor, teatrda olduğu kimi, kinoda da özünü təsdiqləyir. 1956-cı ildən kinoya çəkilməyə başlayan Yuri Yakovlev 1958-ci ildə “İdiot” filmindəki knyaz Mışkin rolu ilə şöhrətlənir. Bundan başqa, Yuri Yakovlev “Qusar balladası”nda poruçik Rjevski, “Anna Karenina”da Stiva Oblonski, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” İppolit və digər rolları ilə tamaşaçılar tərəfindən sevilir. Məşhur aktyor “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyasında iki rolu - İvan Qroznı və evlər idarəsinin rəisi Bunşa obrazlarını çox məharətlə oynayır.
   Yuri Yakovlevin səhnə həyatında maraqlı bir məqam da var. Bu, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmi ilə bağlıdır. Filmdə İppolit rolu əvvəlcə Andrey Mironova təklif ediləndə o, roldan imtina edir və səbəb kimi isə mənfi obrazı oynamaq istəmədiyini bildirir. Sonra isə həmin rol Oleq Basilaşviliyə təklif edilir. Oleq Basilaşvilinin ailəsində bədbəxt hadisə baş verdiyindən o, bu rola çəkilə bilmir. Rejissor Eldar Ryazanov təcili Yuri Yakovlevi çağırır və heç də peşman olmur.
   Yuri Yakovlev teatr və kinoda yaratdığı maraqlı və yaddaqalan rollarına görə çoxlu təltiflərə, o cümlədən SSRİ Xalq artisti (1976) fəxri adı, SSRİ Dövlət mükafatı (1979), “Lenin ordeni”nə (1988) layiq görülüb.
   Üç dəfə evlənən aktyor ilk dəfə 1952-ci ildə həkim Kira Maçulskaya ilə ailə həyatı qurur. Bu evlilikdən onların Yelena adında bir qızları olur. İkinci dəfə o, aktrisa Yekaterina Raykinlə (Arkadi Raykinin qızı) ailə həyatı qurur. 1961-ci ildə oğlanları Aleksey Yakovlev anadan olandan bir müddət sonra bu evlilik də pozulur. Nəhayət, aktyor üçüncü dəfə Vaxtanqov Muzeyinin rəhbəri İrina Sergeyeva ilə ailə həyatı qurur. 1969-cu ildə onların Anton adında oğlanları dünyaya gəlir. Onlar artıq uzun müddət birgə ömür sürürlər.
   1997-ci ildə məşhur aktyorun "Mənim tale fotoalbomum" kitabı çap olunub. 85 yaşını doğmaları arasında qeyd edən Xalq artistinin övladları və nəvələri də onun sənətini davam etdirirlər.
   Yuri Yakovlev xüsusilə rus klassiklərini, əsasən Çexovun əsərlərini oxumağı, klassik musiqiyə qulaq asmağı, idmanı, xüsusən də xokkey, futbol, buz üzərində konki sürməyi çox sevir.
   
   Hazırladı: Səbinə Əlibalaqızı