Mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçiriləcək. Festival Avstraliya rejissoru Baz Lurmanın “Dahi Qetsbi” filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılacaq.
   
   Müsabiqə proqramına Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan kimi rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Jerome Sallenin “Zulu” kriminal trilleri ilə yekun vurulacaq.
   Ekran əsərlərini məşhur Amerika rejissoru və prodüseri Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirəcək. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissoru Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildir.
   Milli kinomuz dünyanın bu nüfuzlu müsabiqəsində hələlik yer almasa da, ölkəmiz, ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunacaq.
   Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Azanfilm”in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.
   Nazirliyin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bugününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və video çarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.
   
   Lalə Azəri