Xəbər verdiyimiz kimi, mayın 15-də Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival açılıb. Mayın 26-dək davam edəcək festivalda Azərbaycan nümayəndə heyəti də iştirak edir.
   
   Heyətə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.
   Kannın məşhur Kruazet xiyabanında təşkil olunmuş festival şəhərciyində Azərbaycan pavilyonu fəaliyyətini davam etdirir. Azərbaycan nümayəndə heyəti festivalda təmsil olunan ölkələrin bir sıra kino şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirib. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun müştərək film istehsalı ilə bağlı Türkiyə, Fransa, ABŞ, Rusiya, Ukrayna, Serbiya, İran prodüserləri ilə apardığı danışıqlar zamanı ilkin razılaşmalar əldə olunub və bu razılaşmaların sonrakı mərhələlərdə konkret layihələrə çevrilməsi üçün zəmin yaranıb.
   Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar ölkəmizin turizm imkanları haqqında geniş məlumat verən bukletlər, reklam açıqcaları və filmlərimizin əks olunduğu videoçarxlara böyük maraq göstərirlər.