Rusiyanın Ulyanovsk şəhərinin “Vladimirski sad” mərkəzi şəhər parkının yay estradasında azərbaycanlı kinorejissor Fərid Hümbətovun “Qafqaz” bədii filmi nümayiş etdiriləcək. “Metropol” və “United Multimedia Projects” kino şirkətlərinin birgə istehsalı olan film ABŞ, Kanada və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Müsabiqədənkənar proqramda XXX beynəlxalq Moskva kinofestivalının və “Stalker” VII beynəlxalq festivalının iştirakçısı olub.
   Rusiya və Azərbaycanda lentə alınan ekran əsərində baş rolları Ənvər Vəliyev, Elçin Əzizov, Ada Roqovtseva, Lyubov Tolkalina, Andrey Çernışev ifa edirlər.
   Məhəbbət fəlsəfəsindən bəhs edən “Qafqaz” filmi rejissorun “Kənar adamlar” adlı ekran əsərinin bir növ davamıdır. Filmin ssenari müəlliflərindən biri və icraçı prodüseri Fərid Hümbətovun qızı Lada Hümbətovadır.