Azərbaycan xalqı zəngin mənəviyyatı, nəsillərdən-nəsillərə ötürərək qoruyub saxladığı bir çox milli xüsusiyyətləri ilə həmişə fəxr edib. Kişilik, ismət, qeyrət kimi anlayışları qədirbilənlərimiz öz şəxsiyyətlərində, əməllərində yaşadıblar, mənəviyyatımızın aşınmasına qarşı ruhuyla, canıyla mübarizə aparıblar. Yazıçı-dramaturq, ssenarist İsi Məlikzadə də belələrindən idi.
   
   
   Bir vaxtlar kitablarını həvəslə, birnəfəsə oxuyar, filmlərinə, tamaşalarına təkrar-təkrar baxmaqdan yorulmazdım. Ağlıma da gəlməzdi ki, nə vaxtsa yazıçının ailə üzvləri, yaxın qohumları ilə daim ünsiyyətdə olmaq, həyatı, yaradıcılığı ilə yaxından tanışlıq mənə qismət olar. Haqqında acılı-şirinli xatirələrin dinləyicisi olanda təəssüflənirəm ki, sağlığında onunla həmsöhbət ola bilməmişəm. Qızı Xatirə xanımın, yaxın qohumlarının söhbətləri, özünün xatirələri, eləcə də qələm dostlarının onun haqqında yazdıqları yazılar vasitəsilə İsi Məlikzadəni tanıdım.
   “...Düz 37 ildir işləyirəm. İş yerimi tez-tez dəyişsəm də, axtardığım, möhtac olduğum mənəvi rahatlığı tapa bilməmişəm. Bilmirəm, axtardığım o mənəvi rahatlığın sifəti, siması, görkəmi nə cür olur. Təkcə onu bilirəm ki, o rahatlıq kabinet, gün-güzəran rahatlığı deyil. O, adamın ürəyində, beynində, bütün vücudunda olmalıdır», - deyən yazıçı həsrətində olduğu rahatlığı təkcə özü üçün yox, bütün cəmiyyət üçün axtarırdı.
   İsi Məlikzadə 1934-cü il mayın 1-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində dünyaya gəlmişdi. Atası Abbas kişi dəllək idi. Lakin uşaqlıqdan ruhani məktəbində təhsil almış, ərəb və fars dillərini, ilahiyyat elmini öyrənmişdi. Abbas kişinin yeddi qızı və bir oğlu vardı.
   İsi ali neft mühəndisi təhsili aldıqdan sonra neft mədənlərindən birinə təyinat aldı. İşə başlamazdan əvvəl valideynlərinə baş çəkməyə gələn İsinin atasıyla belə bir söhbəti oldu:
   - Mən neftçi yox, yazıçı olmaq istəyirəm. Nə məsləhət görürsən?
   - Nə olar. Hələlik mədəndə işlə, vaxtın olanda yazı-pozu ilə də məşğul ol.
   Bir müddət sonra oğlunun əlyazmalarını oxuyan Abbas kişi:
   - Bundan sonra özün necə istəyirsən, elə də hərəkət et, - deyir.
   Beləcə, ata xeyir-duası ilə yaradıcılığa başladı.
   “Dünyada elə nəcib və təvazökar adamlar var ki, özünü gözə dürtmədən, haraysız-həşirsiz, səssiz-küysüz, başını aşağı dikib boynuna düşən vəzifəni namusla yerinə yetirir. Öz böyük əməllərinə görə heç kəsdən heç nə ummur. Tanıdığım və böyük hörmət bəslədiyim İsi Məlikzadə məhz bu cür alicənab qələm sahibidir», - yazıçı haqqında bu sözləri sağlığında Xalq şairi Bəxtiyar Vahabzadə demişdi.
   İsi Məlikzadə cəmiyyət üzvlərinin mənəvi dünyasını, əxlaq və yaşayış tərzini necə varsa, eləcə də əks etdirirdi. Onun qəhrəmanları arasında sınan, lakin əyilməyən, insanlığını, mənəviyyatını saxlayanlar da var, başqalarının haqqını yeyib, vicdanı sızlamadan yaşayanlar da, cəmiyyətin eybəcərliyindən təngə gələnlər də! Bu baxımdan yazıçının “Dədə Palıd” əsəri xüsusilə diqqətəlayiqdir. Cəmiyyətimizin mənəvi saflığını qoruyan, onu öz kökləri üstündə gələcəyə aparmağa qadir olan palıd əzəmətli himayədarları həmişə olub. Nə yazıq ki, bu himayədarların kölgəsində gəzib dolananlar əzəmətli palıdın budaqlarını əyir, qırır, qamətini eybəcər hala salırlar. Dədə Palıd zaman-zaman aldığı zədələrdən yavaş-yavaş, içindən oyula-oyula məhv olur.
   ”İsi Məlikzadə yazıçı kimi dövrünü qabaqlamağa, lazımi fikri əvvəlcədən deməyə, cəmiyyətdəki narahatlığı öncədən duymağa qadir idi. Müşahidələri dərin və köklüydü... Çox heyif ki, istedadlı qələm yoldaşımız ömrünü tez başa vurdu. Biz ondan yeni-yeni əsərlər umurduq”, - deyə yazıçı Vidadi Babanlı həmkarı barədə xatirələrində bildirir.
   İsi Məlikzadənin özünün xatirələri də onun həyat və yaradıcılığına, düşüncələrinə işıq tutur: «...Şəhərə düşdüyüm gündən özümü burada qonaq saymışam. Doğulub boya-başa çatdığım yayı tozlu, qışı palçıqlı Ağcabədiyə qayıtmaq həsrətilə yaşamışam. Bu həsrətlə də saç ağartdım. Çünki o yovşanlı-yulğunlu çöllər yuxularımdan çıxmır, yovşanların ətrini də duyuram yuxuda”. Və yaxud: “Yurd üçün darıxanda yadıma ”Mirzəhüseyn segahı” düşür. O segahın qanadlarında doğma diyara uçub gedirəm. Uşaqlıqdan canıma, qanıma hopmuş bu səs kədərimin də, sevincimin də üstünə kölgə salır. Bu avazın sehrinə düşüb bir düzənlik görürəm. Yoxa çıxmış turacların səsini eşidirəm”.
   O, xalqına, el-obasına bağlı, onun ağrısını-acısını öz dərdi kimi çəkən bir insan idi. Elə ona görə də Qarabağ faciəsi yazıçını dərdə saldı, yaradıcılığının çiçəkləndiyi dövrdə, Azərbaycan xalqının taleyüklü Qarabağ məsələsində bir çox ziyalılarımız kimi İsi Məlikzadə də sarsıntı keçirdi.
   Yazıçının qəfil ölümü əzizləri kimi, qələm dostlarını da sarsıtmışdı: “Gözlərimin qabağında müqəddəs ədəbiyyat aləminə gülə-gülə gələn, onun çətin, əzablı, ancaq şərəfli yollarından mətanətlə keçən mehriban insan, ailəcanlı, mərd, şən, elədiklərindən qürrələnməyən bir dostum idi İsi Məlikzadə“ - Əlibala Hacızadə.
   «İsi Məlikzadənin sözü, əsərləri həmişə canlıdır, adı dostlarının dilindədir, elə gün olmur ki, xatırlanmasın. O dünyadan ciddi görkəmlə baxa-baxa bizi bu dünyada güldürüb-düşündürməsin» - Sabir Rüstəmxanlı.
   İsi Məlikzadənin ölümündən keçən illər ərzində yaşadığımız dünya da insanlar da çox dəyişib. Yazıçının anası Zəriş xanım, atasından sonra arxasız, köməksiz qalıb sağalmaz dərdin pəncəsində əriyən oğlu Saleh, son illər isə ömür-gün yoldaşı Lətifə xanım indi həyatda yoxdur. Ağcabədidəki ikimərtəbəli ata mülkündə məcduri köçkünlər yaşayır. Özü isə çox sevdiyi o yovşanı bol çöllərin qoynundadı. Amma inanmıram ki, cisminin qovuşduğu rahatlığı ruhu da tapmış olsun.
   O, özündən sonra övladlarına, nəvələrinə çoxları kimi mal-mülk yox, zəngin mənəvi xəzinə qoyub gedib. Uzun illər ərzində “Vəfa”, “Bünövrə”, “Kürsü”, “Möhlət”, “Özgə anası”, “Oyanmış xatirələr”, “Haram tikə”, “İki günün qonağı”, “Kövrək qanadlar”, “Evin kişisi”, “Qaranquş yuvası”, “Günəş harada gecələyir”, “Gümüşgöl əfsanəsi”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Görüş”, “Dədə Palıd”, ”Günəşli payız”, “Qırmızı yağış”, “Alovlu qış” və s. kimi kitabları nəşr olunub.
   Ədibin «Molodaya Qvardiya», «Sovetskiy pisatel» kimi nüfuzlu nəşriyyatlarda ondan artıq kitabı çap olunmuş, Moskvada fransız dilində çıxan “Azərbaycan nəşri antologiyasında” bədii yaradıcılığına yüksək qiymət verilmiş, ədibin “Oğul” hekayəsi dərc edilmişdi. “Ulduz”, “Azərbaycan” ədəbi-bədii jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, «Azərbaycanfilm» kinostudiyasında və s. işləmiş, neçə-meçə yaradıcılıq uğuruna imza atmışdı. Respublika teatrının səhnəsində ”Gəl, qohum olaq”, “Sağlıq olsun”, “Hərənin öz ulduzu”, “Məndən nigaran qalmayın” pyesləri tamaşaya qoyulmuşdu. Sonuncu pyesi Qarabağa həsr olunmuşdu. Onu ölümündən az öncə tamamlamışdı. Bununla o, sanki onu sevənlərə əbədi ayrılığı ilə bağlı təskinlik vermək istəmişdi.
    Uzun illər «Azərbaycanfilm» kinostudiyasında baş redaktor işləyən ədibin ssenariləri əsasında “Qatarda”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Ağ atlı oğlan”, “Kişi sözü”, “Cehiz güzgüsü”, “Güllələnmə təxirə salınır”, ”Hacı Qara”, “Papaq”, “Evin kişisi”, “Evlənmək istəyirəm”, “Qoca palıdın nağılı” kimi qısametrajlı, bədii və sənədli filmləri böyük ekranda öz geniş təcəssümünü tapmış və tamaşaçı rəğbətini qazanmışdı.
   Xüsusən “Qatarda” əsəri, ədəbi tənqidçilərin dili ilə desək, ədəbiyyatımızda hadisə idi: «İsi heç bir şey yazmasaydı da əxlaq, sima, köləlik və kişilik poeması olan “Qatarda” onun bəsiydi. Bu həm doğru sözdür, həm də şərti...” - Xalq şairi Qabil.
   1995-ci ilin dekabrın 6-da bu dünyanı cismən tərk etsə də, onun söz dünyası oxucular arasında əldən-ələ gəzən nəşrlərində, ekran əsərlərindədir.
   Adını tez-tez çəkməsək də, biz onun əsərlərinə təkrar-təkrar qayıdacağıq. Yazıçı üçün bundan böyük xöşbəxtlik ola bilməz.
   
   Qəsidə Hüseynova,
   Oğuz