Fariz Əhmədovun yeni sənədli filmi təqdim olundu
   
   İyunun 1-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, kinorejissor Fariz Əhmədovun “Əriyən ada” sənədli filminin təqdimat mərasimi keçirildi.
   
   Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq film haqqında fikirlərini bölüşdü. Ekran əsərinin Mədəniyyət və Turizm Nazirliyinin və ARKİ-nin dəstəyi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunduğunu bildirdi.
   Cəmil Quliyev gənc rejissor Fariz Əhmədovun özünəməxsus dəst-xətti və üslubu ilə seçildiyini qeyd etdi: “O, yaratdığı ekran əsərləri üzərində daim tədqiqatlar aparmaqdan çəkinmir. Bu dəfə də təqdim etdiyi filmdə onun istedadının bir daha şahidi olacaqsınız. Fariz filmləri ilə tamaşaçını düşündürə və təsirləndirə bilir”.
   Qeyd olundu ki, ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimov olan “Əriyən ada” sənədli filmində hadisələr Kürdili kəndində (Neftçala rayonu) cərəyan edir. Rejissor və ssenari müəllifi kameranın obyektivini həyatın demək olar ki, donduğu, uzun illər əvvəl tərk edilmiş Kürdili adasında hələ də yaşamaqda olan bir neçə ailənin ağır güzəranına yönəldərək sanki dünyadan təcrid olunmuş bu insanlara doğru bir körpü salmağa çalışıb: “Orada zaman dayanıb. Orada qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər. Orda yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, amma... Onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır. Ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar...”
   Filmin nümayişindən sonra “Əriyən ada”nı ərsəyə gətirən heyət ayaq üstə alqışlandı.
   
   Nigar