“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən Hacıqabulda “Qafqaz İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı mərasim keçirilib.

Rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə İctimai birliyin sədri Çingiz Bayramov çıxış edərək 1918-ci il sentyabrın 15-də Azərbaycanın silahlı qüvvələri Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər əraziləri daşnak-bolşevik işğalından azad etdiyini bildirib. O, gənclər arasında Qafqaz İslam Ordusu və onun Bakının azad edilməsi istiqamətində apardığı mübarizə barədə maarifləndirmə işinin aparılmasının önəmini vurğulayıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Zeynəb Yunisli qeyd edib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Lakin Azərbaycan və Türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı və digər əyalətlər daşnak-bolşevik qüvvələrindən azad olunub.

Digər çıxış edənlər Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin gündən-günə daha da möhkəmləndiyini vurğulayıb, Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyinə və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgəri işğal altında olan ərazilərimizin düşmən tapdağından azad edəcəklərinə əminliklərini ifadə ediblər.

Tədbir başa çatdıqdan sonra rayonun Qubalıbaloğlan kəndində daşnaklarla vuruşaraq qəhrəmancasına həlak olan Azərbaycan və Türk əsgərlərinin məzarları ziyarət olunub, şəhidlərin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub.