Azərbaycanda kurqanlardan ibarət dünya üzrə ilk unikal arxeoparkın yaradılması nəzərdə tutulur. Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov məlumat verib.

Onun bildirdiyinə görə, arxeoparkın Gəncə şəhəri ətrafında yaradılması planlaşdırılır: “Nəzərdə tutulur ki, kurqanların üst örtüyü götürüldükdən, tədqiq edildikdən sonra üzəri şəffaf, plastik örtüklə örtülsün. Bununla da turistlər qəbir kamerasının forması, Tunc dövrünün dəfn adətləri ilə tanış ola bilərlər”.

P.Qasımov bildirib ki, hələ 2015-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhərin girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş kurqan tipli qəbir abidələrinin GPS koordinatları götürülüb və xəritələşdirilib. Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir. Hazırda Azərbaycan-İtaliya ekspedisiya qrupu tərəfindən kurqanların birində tədqiqatlar aparılır.

LALƏ