Tarixi romanlar müəllifinin ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş məqalələri bu gün də aktuallığını saxlayır
   
   Görkəmli yazıçı Məmməd Səid Ordubadi (1872-1950) Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanlarının müəllifi, eyni zamanda, məhsuldar publisist kimi fəaliyyət göstərib. Qeyd edək ki, Ordubadinin məqalələri indiyədək toplu halında çap olunmayıb, onların dəqiq sayı da hələlik müəyyənləşməyib.
   
   Ordubadi 1903-cü ildən başlayaraq müxtəlif imzalarla (Məhəmməd Səid, M.S., M.O., Səid, Hacıağazadə Səid, Şərqli, Qıraqdanbaxan və s.) “Şərqi-Rus”, “İrşad”, “Tazə həyat”, “Tuti”, “Məzəli”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “İttifaq”, “Sadə”, “İqbal”, “Sədayi-həqq” kimi mətbuat orqanlarında, 1917-ci ildən sonra isə əsasən “Hümmət” qəzetində publisistik yazılar, felyetonlarla çıxış edib.
   Ordubadinin publisistik fəaliyyəti Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra daha da genişlənib. Yazıçının məqalələri “Əxbər”, “Kommunist”, “Maarif işçisi”, “Füqəra füyuzatı”, “Azərbaycan xəbərləri”, “Qızıl qələm”, “Şərq qadını”, “Yeni fikir”, “Yeni yol” və başqa qəzet-jurnallarda dərc olunub. Məqalələrin mövzusu çox rəngarəng və əhatə dairəsi geniş idi. Onların içərisində dünya hadisələrinə, sosializm quruculuğuna həsr olunmuş məqalələr çox olsa da, böyük qismi ədəbiyyat, incəsənət, mətbuat və mədəniyyətin müxtəlif məsələlərinə həsr olunmuşdu və bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Ordubadinin ədəbi-tənqidi məqalələrində ədəbiyyat və incəsənətin ideyalılığı, xəlqiliyi məsələsi mühüm yer tutur. Yazıçı ədəbiyyatın ictimai həyatdakı roluna realistcəsinə yanaşaraq, onun xalqın tərəqqisi yolunda bir silah olduğunu qeyd edirdi. 1920-ci ildə nəşrə başlayan “Füqəra füyuzatı” jurnalının təşkilatçılarından biri Ordubadi idi. Ədəbiyyat və mətbuat problemlərini önə çəkən jurnalda dərc olunan məqalələrin çoxunu o özü yazırdı.
   Ordubadinin ədəbiyyat və incəsənətin problemlərinə dair fikirləri onun Böyük Vətən müharibəsi illərində (1941-1935) yazdığı məqalələrdə də mühüm yer tutur. “Şərəf işimiz” (1941) məqaləsində o, müharibə dövrünün yazıçılar qarşısında qoyduğu yeni vəzifələrdən bəhs edir. 1942-ci ildə yazılmış “İncəsənət və müharibə” məqaləsində isə ədəbiyyat və incəsənətin vətənpərvərlik ruhunun təbliğinə, xüsusilə poeziyanın, şeirin bu sahədəki önəmli roluna diqqət çəkilir.
   Həmin dövrdə Azərbaycan tarixindən ibrətamiz səhifələrinə, böyük sərkərdələrə, vətən yolunda canından keçən xalq qəhrəmanlarına həsr olunmuş məqalələri xüsusilə maraq doğurur.
   Yazıçının “Qara Məlik” (1941), “Camal” (1941), “Səttarxan” (1942), “Tarix və qələbə” (1942), “Vaqif bir dövlət adamı kimi” (1943), “Farsca yazılmış klassik Azərbaycan ədəbiyyatında azadlıq ideyaları” (1943) kimi məqalələri böyük təbliğati əhəmiyyətə malik olub, yüksək vətənpərvərlik hissləri aşılayırdı. Bu məqalələrində Ordubadi keçmış tariximizi yada salmaqla qəhrəmanların, xalq içərisindən çıxmış igidlərin surətlərini canlandırıb.
   Ordubadi məqalələrində bədii ədəbiyyatda sənətkarlıq məsələlərinə də geniş yer ayırıb. Bu baxımdan onun dövrün ədəbi proseslərinə, gənc yazıçı və şairlərin yaradıcılığına həsr olunmuş məqalələri diqqəti cəlb edir. Qocaman ədib ədəbiyyatımızın inkişafını diqqətlə izləyərək onun müvəffəqiyyət və qüsurlu cəhətlərini qeyd edir. Şeirdə sənətkarlıq, orijinallıq, bədiilik, yığcamlıq, şeir texnikası haqqında Ordubadinin maraqlı mülahizələri var. Yazıçı “Şeirimiz haqqında bir neçə söz” adlı məqaləsində (1946) yazırdı: “Ən birincisi şeir və ədəbiyyat oxucularının mədəni səviyyəsini öyrənmək və bu səviyyənin tələblərinə cavab verə biləcək əsərlər yazmaqdır... Buna görə də hər bir şair hər şeydən əvvəl özünün ədəbi və bədii səviyyəsi ilə oxucunun səviyyəsi arasında bir fərq olub-olmamasını öyrənməlidir və oxucuya görə çox yüksək səviyyəyə qalxmağa çalışmalıdır”.
   Ordubadi şeiri “ali sənət” adlandırır, onun ictimai vəzifəsini doğru izah edir və yazırdı ki, şeir adlandırdığımız ali sənət cəmiyyətin əxlaqını, onun ictimai düşüncəsini, onun fikir etibarilə nə qədər tərəqqi etdiyini təyin edən bir amildir. O, poeziyanı insanların əxlaqına tərbiyəvi təsir göstərən, onları yüksək və təmiz vicdanlı, xalqına və millətinə layiq adamlar kimi yetişdirməyə kömək edən bir vasitə kimi izah edir, bunun əksinə olan şeirləri isə tənqidə tutur.
   Ordubadi sənətkar üçün elm və biliklərə yiyələnməyin, geniş məlumata, dərin savada malik olmağın, bəşər tarixini yaxşı bilməyin əhəmiyyətini də öz məqalələrində göstərib. Bu barədə o yazır: “Biz son zamanlar yazılan şeirlərdə ilham kəlməsini tez-tez təkrar edildiyini görməkdəyik. Əcəba, şairlərimiz ilham sözünü nə mənada tez-tez işlədirlər?! Əvvəla, bunu bilmək lazımdır ki, fitri qabiliyyət şeir sənətində hakim bir rol oynaya bilməz, çünki insan sövq təbii qanunlarının şəraiti altında fəaliyyət göstərən canlılardan deyildir. İlham deyilən söz, şairin əqlindən, vicdanından, şəxsi əxlaq və mədəniyyətindən, onun əxlaqca başqalarından irəlidə getdiyindən, fikir və düşüncə etibarilə yüksəkdə dura bilməsindən, onun daimi mütaliəsindən, sənət və iqtidarından doğan bir cavahirdir”.
   Ordubadinin məqalələrinin böyük qismi klassik yazıçılara həsr edilib. O, klassik yazıçılarımızı dərindən öyrənməyə və xalqa tanıtmağa çağırırdı.
   Ordubadi müasirləri olan ədəbiyyat və incəsənət xadimləri barəsində də bir çox qiymətli məqalələr yazıb. Onun Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə haqqında xatirə-məqalələri xüsusilə qiymətlidir. Bu məqalələrdə ədəbiyyat və incəsənət tariximiz üçün əhəmiyyətli məsələlər, həmin sənətkarların yaradıcılığını öyrənmək, tədqiq etmək nöqteyi-nəzərindən qiymətli fikirlər var.
   Ədəbiyyat tariximizi, onun ayrı-ayrı nümayəndələrini, xalqımızın keçdiyi şanlı tarixi yolu öyrənməkdə Ordubadinin məqalələrinin əhəmiyyəti böyükdür. Ordubadi doğma xalqının maarifi, tərəqqisi uğrunda çalılşan, bu yolda mübarizə meydanına atılan sənətkar idi.
   Mayın 1-də böyük yazıçının vəfatından 60 il ötdü. Onun adı, yaradıcılığı, əsərləri isə qədirbilən oxucuların qəlbində, xalqın xatirəsində yaşayır.
   
   Laçın Mehdiyeva,
   Məmməd Səid Ordubadinin xatirə muzeyinin əməkdaşı