Ötən şənbə günü (1 may) M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının iclas zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş Gənc Ədiblər Məktəbinin növbəti məşğələsi keçirildi.
   
   Ənənəyə uyğun olaraq hər ayın ilk həftəsinin şənbə günü tanınmış bir qələm adamı ilə görüş şəklində düzənlənən məşğələnin budəfəki qonağı istedadlı yazıçı, “525-ci qəzet”in əməkdaşı Yaşar idi. Ancaq tədbir Yaşarın yaradıcılığına deyil, məktəbin üzvü olan gənc nasirlərin son hekayələrinin müzakirəsinə həsr olunmuşdu.
   Öncədən bir neçə hekayə Yaşara, eyni zamanda, məktəbin bəzi üzvlərinə təqdim olunmuş, müzakirə üçün müvafiq qeydlər aparılması tapşırılmışdı.
   Məşğələni giriş söz ilə məktəbin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açdı, qısa giriş nitqindən sonra sözü yazıçı Yaşara verdi.
   Yaşar müəllim ona təqdim olunan əsərlər barədə ümumi təəssüratının o qədər də yaxşı olmadığını etiraf etdi. Öncəliklə gənc yazarların Azərbaycan dilinin tələblərinə ciddi yanaşa bilmədiklərini, özünüifadədən daha çox dəbə üstünlük verdiklərini, fəlsəfi fikirlər müəllifi kimi görünmək naminə mətləbi qəsdən dolaşdırdıqlarını əsas qüsurlar kimi səciyyələndirdi. Bununla belə, Cavid Zeynallı, Sahilə, Zərdüşt Şəfizadə və başqa yazarların hekayələrində ciddi istedaddan xəbər verən nüansların olduğunu bildirdi.
   Məşğələdə səslənən fikirlər yalnız təqdim olunan əsərlər çərçivəsində qapanıb qalmadı, ümumilikdə Azərbaycan nəsrinin çağdaş durumu, problemlər və yeniliklər mövzusunu əhatə etdi.
   Polemika şəklində keçən tədbirdə məktəbin üzvlərindən Qismət və Nahid çıxış edərək öz həmyaşıdlarının əsərləri barədə maraqlı fikirlər söylədilər.
   Müəlliflərin də iştirak etdiyi müzakirədə seçilən maraqlı mətnlərin “525-ci qəzet”də nəşr olunacağı qərara alındı.
   Sonda gənc şairlər yeni şeirlərindən nümunələr oxudular.   

   Vüsal