Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” sənədli filmi sentyabrın 14-dən 20-dək Saratov şəhərində keçiriləcək beynəlxalq festivalın müsabiqə proqramına daxil edilib. “Saratov əzabları” festivalı dünyada yeganə sənədli melodrama film müsabiqəsidir.
   Xatırladaq ki, “Doğma ocaq” filmi sentyabrın 13-dən 21-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Let"s Cee” beynəlxalq festivalında da iştirak edəcək.
   Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə olaraq Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. Ekran əsəri Tovuz rayonunun Köhnəqala kəndində lentə alınıb.