“Allahın köməyi ilə mən sənətə qayıtdım və həyatım tamamilə dəyişdi”
   
   Cavanşir Hadıyevi ilk dəfə “Dolu” filmində görmüşdüm. Özünəməxsus oyun tərzi, aktyor xarizması diqqətimi cəlb etmişdi. Bir müddət sonra Xalq artisti Eldar Quliyevin “Dərvişin qeydləri” filmindən reportaj hazırlamaq üçün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonuna yollandım. Filmdə əsas obrazlardan birinə o çəkilirdi. Hazırda bir neçə filmdə rol alan aktyorun sənət taleyi ilə tanış olmaq üçün onunla redaksiyamızda görüşdük.
   
   1986-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (Aleksey Batalovun sinfi) qəbul olunan Cavanşir Hadıyev 1990-cı ildə təhsilini başa vurub vətənə dönür. Bu, Azərbaycan mədəniyyətinin, incəsənətinin ən ağır dövrləri idi. Qaynar sənət mühitini xaotik ortam əvəzləmişdi. Buna baxmayaraq Cavanşir bir neçə teatrda çalışmağa başlayır. Rus Dram, Gənc Tamaşaçılar və “Yuğ” teatrlarında müxtəlif obrazları canlandırır. Amma aktyor həmin dövrü yaradıcılığı üçün uğursuz illər hesab edir, teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi fəaliyyətini davam etdirir. 2000-ci ildə “Lider” televiziyası fəaliyyətə başlayır və Cavanşir Hadıyev dublyaj rejissoru kimi tekekanala əməkdaşlığa dəvət edilir. Ancaq o hələ də sevdiyi, arzusunda olduğu həqiqi sənət mühitində deyildi.
   
   “Dolu”nun “yaşıl işığı”

   
   Aktyorun sənət ulduzu 2010-cu ildən parlamağa başlayır. Vaxtilə Moskvada kurs yoldaşı olan Elxan Cəfərov onu “Dolu” filminə dəvət edir. Filmin uğurunda onun da payı olur. Aktyor deyir ki, “Dolu” filmi sonra onun yeni nailiyyətlərinə stimul verir. Filmin təqdimatı ərəfəsində türkiyəli rejissor Mehmet Ulukan onu “Qaranlıqlar çiçəyi” adlı serialına dəvət edir. Cavanşir Hadıyev teleserialda Xalq artisti Rasim Balayev, Əməkdar artist Abbas Qəhrəmanovla birlikdə çəkilir. Bu rolu da ona uğur gətirir.
   Bundan sonra yeni dəvətlər gəlir. O, vurğunu olduğu sənətdən kənarda itirdiyi illərin boşluğunu doldurmağa çalışır, istedadı və zəhməti ilə rejissorların diqqətini cəlb edə bilir, tanınır, sevilir, tamaşaçı auditoriyası qazanır.
   Ötən il aktyor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Bakı, mən səni sevirəm” layihəsində Yeqor Konçalovskidən dəvət alır və baş rollardan birinə çəkilir. Beləcə, filmlər bir-birini əvəz edir. Xüsusilə xarici rejissorlar aktyorla əməkdaşlığa can atırlar. “Caspian Qlobal” şirkətinin istehsal etdiyi “Çaqqal nəfəsi” serialında iranlı rejissor Babək Şirinsifət əsas rollardan birini Cavanşirə həvalə edir.
   “Mənim bəxtim onda gətirdi ki, rejissor Yavər Rzayev kimi sənətkardan kinonun sirlərini öyrənə bildim, Əməkdar artist Qurban İsmayılovla eyni filmlərdə çəkildim. Bu iki insan mənim üçün məktəbdir”, - deyə həmsöhbətim bildirir.
   Hazırda aktyor Asif Abramovun Tahir Kazımovun romanı əsasında çəkdiyi “Qisas” filmində və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının layihəsi olan “Motivlər” almanaxının “Qonşular” kinonovellasında Əməkdar artist Gülzar Qurbanova ilə tərəf-müqabildir. İkinci ekran işinin rejissoru Anar Abbasovdur.
   Cavanşir Hadıyev uzun fasilədən sonra kinoya qayıtmasına baxmayaraq, bildirir ki, sanki kinonun içində doğulub və bu sənəti heç vaxt tərk etməyib: “Uzun zaman idi ki, çəkiliş prosesinə qatılmadığıma görə bir qədər ehtiyat edirdim. Amma kamera ilə işləməkdə heç bir problemim olmadı”.
   “Yenidən teatra dəvət alsanız, qəbul edərsinizmi” sualımıza isə “Xeyr, mən kinonu çox sevirəm və özümü kino aktyoru hesab edirəm. İnanıram ki, kino necə öz qollarını açaraq məni qəbul edibsə, bundan sonra da sənətin bu sahəsində olacağam”, - deyə cavab verir.
   
   Aktyorluq və missiya
   
   Aktyorluqdan əlavə ictimai fəaliyyətlə də məşğul olan Cavanşir Hadıyev Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəridir. Gürcüstan tərəfdən assosiasiyanın rəhbəri Tamara Lamparidze ilə uğurlu əməkdaşlıq edir. Aktyor deyir ki, bu xanımın ölkəmizə hədsiz sevgisi var və o bizim mədəniyyəti Gürcüstanda təbliğ etmək üçün əlindən gələni edir. Assosiasiya Gürcüstanda rəsmi qeydiyyatdan keçib və sistemli iş aparır: “Bütün layihələrimizdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan təmsilçiliyi də bizə dəstək olur. Gürcüstanda yaşayıb fəaliyyət göstərən soydaşlarımızın dəstəyi ilə bir çox mədəni layihələri həyata keçirməyə nail olmuşuq. Assosiasiya az müddətdə bir neçə böyük tədbirin təşkilatçısı olub. 2012-ci ilin dekabrında ilk dəfə Gürcüstanda müasir Azərbaycan rəssamlarının sərgisini təşkil etdik. Sözsüz ki, bu işdə Mədəniyyət və Turizm Nazirliyinin bizə böyük köməyi oldu. Sərgi kiçik bir qalereyada deyil, Gürcüstanın Dövlət Tarix Muzeyində təşkil edildi. 18 rəssamın 54 işi sərgiləndi və maraqla qarşılandı. Digər yaddaqalan tədbir isə “Dolu” filminin Gürcüstanda nümayişi idi. Burada kinosevərlər yaradıcı heyəti və filmi sevgi ilə qarşıladılar.
   Sonra Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi çərçivəsində “Sübhün səfiri” filmini təqdim etdik. Bilirsiniz ki, orada böyük ədibin ev-muzeyi yaradılıb və muzeyin açılışında dövlət rəsmiləri də iştirak etmişdilər. Açılışdan sonra film nümayiş olundu. Mənim üçün sevindirici hal ondan ibarətdir ki, bizim fəaliyyətimiz diqqətdədir. Elə buna görə də bu il Azərbaycan mədəniyyətinin təbliği nominasiyasında assosiasiyamız “Humay” mükafatına layiq görüldü. Eyni zamanda Milli Dədə Qorqud Fondu həmkarım Tamara xanımı “Mehriban ana” ordeni ilə təltif etdi. Son 15 ildə 18 xanım bu mükafata layiq görülüb. Orden Gürcüstanda təqdim edildi və bu təqdimat çərçivəsində assosiasiyamız Xalq yazıçısı Anarın “Dədə Qorqud” kitabını gürcü dilinə tərcümə etdirdi. Kitab Gürcüstan Rəssamlıq Akademiyasının 25 məzununa paylanıldı. Onlar kitabı oxuyub “Gürcü rəssamları Dədə Qorqud mövzusunda” 25 əsər yaratdılar. Həmin bu rəsm əsərləri mükafatın təqdimetmə mərasimində sərgiləndi”. 

   Mövsümün yeni layihələri
   
   Aktyor yeni mövsümdə bir sıra layihələrinin olduğunu deyir: “Bunlardan biri istiqlal şairimiz Əhməd Cavadla bağlıdır. Bilirsiniz ki, Gürcüstanda Əhməd Cavada böyük maraq var. Biz onun nəticəsini axtarıb tapdıq və burada görkəmli şairimizlə bağlı bir tədbir keçirməyi planlaşdırırıq”.
   Cavanşir Hadıyev Azərbaycan klassik caz musiqisinin Gürcüstanda təbliği ilə bağlı planlarından da danışdı: “Digər bir layihəmiz isə mənim təklifim əsasında hazırlanır. Bu layihə də çox maraqlı bir işdir. Belə ki, Tbilisidə görkəmli caz ustası Vaqif Mustafazadənin abidəsini kompozisiya şəklində yaratmaq təklifim assosiasiya üzvləri tərəfindən qəbul edilib. Abidənin kiçik bir parkda qoyulması planlaşdırılır. Sənətkar royal arxasında və gün ərzində onun bəstələri səslənəcək. Bütün bu işlərin reallaşmasının zəruri olduğunu bilirəm və mədəniyyətimizin təbliğinə hər zaman hazıram”.
   Aktyor bu işdə dövlət qurumlarımızın, mədəniyyət və ictimai xadimlərimizin yaxından iştirak etdiklərini qeyd edir.
   Gələcək planları haqqında danışan aktyor deyir ki, bu gün Azərbaycan kinosu kiçik addımlarla da olsa, irəli gedir, inkişaf edir: “Bununla fəxr edirəm. Özümü Azərbaycan kinosunun kiçik bir hissəsi hesab edirəm və kinonu çox sevirəm. Çünki kino mənim həyatımdır. Allahın köməyi ilə mən sənətə qayıtdım və həyatım tamamilə dəyişdi”.
   
   Lalə Azəri