Bu qələbənin əldə olunmasında Azərbaycan xalqı müstəsna xidmətlər göstərib

   Müharibədə döyüşən sətirlər

 “Biz Böyük Vətən müharibəsində təkcə incəsənət silahı ilə çıxış etməyəcəyik. Biz xalq könüllüləri sıralarına gedəcək, düşmənlə hər cür silahla vuruşacaq və onu məhv edəcəyik". Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu sözləri müharibənin başlandığı ilk gündən Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənət işçilərini öz ətrafında sıx birləşdirdi. Onlar qələm, fırça, musiqi alətlərini silaha çevirərək yaradıcılıq imkanları ilə ön və arxa cəbhədə vuruşanlara yaxından kömək edirdilər.
   
   Vətən andı
   
   Böyük Vətən müharibəsi xalq şairi Səməd Vurğunun yaradıcılığına “müharibə illəri” mərhələsini gətirir. Böyük şairin müharibənin başlandığı gün yazdığı:
   Bilsin ana torpaq, eşitsin Vətən,
   Müsəlləh əsgərəm mən də bu gündən, -
   misraları igid oğul və qızlarımızın Vətən qarşısında andına çevrilir. Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq şüarına dönən bu misralar hamını ön və arxa cəbhədə fədakarlığa, böyük qələbəyə ruhlandırır.
   Şairin müharibə dövründə qələmə aldığı bütün əsərləri - “Ananın öyüdu”, “Şəfqət bacısı, “Qoca qəhrəmanın dedikləri” və s. vətənpərvərlik, qəhrəmanlıq, mübarizlik ruhunda yazılıb. S.Vurğun «Azərbaycan balasi”, “İgid şahin”, ”Partizan Babaş”, “Adsiz qəhrəman”, «Mənə belə söylədilər” və s. şeirləri ilə müharibədə hünər göstərən Azərbaycan övladlarının qəhrəmanlığından bəhs edir, onların adlarını əbədiləşdirirdi.
   Deyilənə görə, cəbhədən gələnlər şairə xəbər gətirirlər ki, bir azərbaycanlı döyüşçü son nəfəsində onun “Azərbaycan” şeirindən bir bənd deyərək dünyasını dəyişib. Bu hadisədən təsirlənən şair “Mənə belə söylədilər” şeirində:
   Sən ki, son nəfəsdə Vətəni andın,
   Çayların axını dayandı bir an.
   Sən ki, eşq oduna mərdanə yandın,
   Simani görürəm mən alovlardan,
   - deyərək, onun qəhrəmanlığını vəsf edir.
   Müharibənin ağır illərində S.Vurğun təkcə yaradıcılıqla məşğul olmur, həmçinin ictimai fəaliyyət göstərir. Şair cəbhə xəttinə gedərək doyüşçülər qarşısında çıxış edir, xalqımızı düşmən uzərində qələbəyə ruhlandırırdı. Böyük şair müharibə illərində 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazıb. S.Vurğunun «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılırdı.
   1943-cü ildə Amerikada keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində S.Vurğunun yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilir və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılır. Müharibə illərində vətənpərvər şairin səsi ön cəbhədə, xəstəxanalarda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olur. 1943-cü ildə onun təşəbbüsü ilə cəbhəçilər və onların doğmaları ilə görüşlər, o cümlədən hərbi tədbirlər keçirmək üçün Füzuli adına Ziyalılar Evi yaranır.
   
   Gün o gün olsun ki...
   
   Xalq şairi Süleyman Rüstəm də o qan-qadalı günlərdə xalqla birlikdə olub. Şair ürəklərdən, könüllərdən ağrının silinməsi, düşməndən ömürlük qisas alınması arzusu ilə vətən övladlarına dəstək olub. S.Rüstəmin "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon" kitabları məhz həmin dövrün məhsuludur.
   Şairin "Ana və poçtalyon" şeiri müharibə illərində dillər əzbərinə çevrilmişdi. Milyonlarla insanın həyatı ilə səsləşən şeirin misraları vərəqlərə yazılaraq səngərlərdə əl-əl gəzib. S.Rüstəm “Gün o gün olsun ki...” şeirində davanın qurtarması, Vətənin başı üzərini alan qara buludların çəkilib səmanın açılması, torpaqlarımızdan düşmən ayağının çəkilməsi arzularını dilə gətirib.
   Şair İslam Səfərlinin isə bir çox əsərlərinin mövzusu düşmən mərmilərinin sədası altında yaranıb. Könüllü olaraq müharıbəyə yollanan şair “Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol, ata!", "Qoşa söyüd" şeirlərini yazıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində qalan dərin izlərin yadıgarıdır. Müharibə mövzusu şairin poemalarında da öz əksini tapıb. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti", "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. poemalarında müharibənin sağalmayan yaraları, əsgərlərimizin döyüş rəşadəti poetik boyalarla tərənnüm olunub.
   
   Vətən yaraları
   
   Müharibə illərinin ağrı-acısı İlyas Əfəndiyev, Mir Cəlal, Əbülhəsən, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rəhimov, Ənvər Məmmədxanlı və digər yazıçıların yaradıcılığında da mühüm yer tutur. Ə.Vəliyevin «Məhək daşı», Əbülhəsənin «Görüş yeri», Ə.Məmmədxanlının «Ulduz» və s. əsərlərində müharibənin geniş, canlı lövhələri olmasa da, cəbhə və arxada baş verən hadisələr, döyüşçü surətləri, düşmənə qarşı ümumxalq nifrəti, insanların mənəvi aləmi, nəcib insani sifətlər, sədaqət, müharibənin çətinliklərinə sinə gərmək və s. hisslər təsirli verilib. Həmin hekayələr xalqımızı, xüsusən gənclərimizi vətənə sədaqətlə xidmət etməyə, xalq işi uğrunda fədakarlıq və qəhrəmanlıq göstərməyə səfərbər edən qüvvəyə malik idi.
   S.Rəhimovun «Qardaş qəbri», M.İbrahimovun «Heykəl», M.Hüseynin «Çiçəklər», Mir Cəlalın «Şərbət», Ə.Məmmədxanlının «Buz heykəl» və s. əsərlərində də vətənə sonsuz məhəbbət, qələbəyə inam, ön cəbhə ilə arxa cəbhənin sıx əlaqəsi təsvir olunub.
   Şair və yazıçıların cəbhə xatirələri, yol qeydləri, oçerklər və gündəlikləri 1941-1945-ci illərin ən çox oxunan janrları idi. R.Rzanın «Leytenant Bayramın gündəliyi», Ə.Məmmədxanlının «Qərbə atəş», M.Hüseynin «Moskva» publisistik əsərləri təkcə arxa cəbhədə deyil, səngərlərdə də oxunurdu.
   Böyük Vətən müharibəsi illərində Mir Cəlal Paşayev də qələmini süngüyə çevirib. Yazıçı «Anaların divanı» hekayəsində yazırdı: «Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı başlanırdı. Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyümlüyərək bayraq kimi qaldırırdı. Müəllimə kitabını silaha dəyişir, yazıçılar qələmi süngüyə çevirirdi».
   Yazıçı müharibə illərində yazdığı «Həzi Aslanov» silsilə oçerklərində qəhrəmanın keçdiyi şanlı həyat və mübarizə yolundan söhbət açaraq gəncləri vətənpərvərliyə, döyüşçüləri qələbəyə ruhlandırırdı. Mir Cəlalın «Yollar», «Qardaş qanı», «Şərbət», «Odlu mahnılar», «Atlı», «Mərcan nənə», «Vətən yaraları» və s. hekayələri də müharıbə illərinin məhsuludur. Bu hekayələrin hər birində cəbhə həyatını yaxından müşahidə edən, döyüşçülərlə təmasda olan bir vətənpərvər yazıçının dəqiq, canlı müşahidələrinin şahidi olmaq mümkündür.
   Mir Cəlal müharibə illərində bir çox yazıçı dostları ilə birgə Novorossiyskdə, Uzaq Şərqdə olmuşdu. Səməd Vurğun «Vətən müharibəsi və ədəbiyyatımız» adlı məruzəsində Süleyman Rəhimovun «Medalyon», Əbülhəsənin «Oxu, bülbülüm», M.Hüseynin «Nişan üzüyü», Ə.Məmmədxanlının «Analar yollara çıxdı», M.Rahimin «Onu Don qucaqladı», «İkiqat cinayət», S.Rüstəmin «Ana və poçtalyon», R.Rzanın «İntiqam», Ə.Cəmilin «Bəxtiyar», Z.Xəlilin «Tatyana» əsərləri ilə bir sırada Mir Cəlalın «Vətən yaraları» hekayəsinin adını çəkir və yazırdı ki, bu hekayəni oxuduqdan sonra «mən düşmənə qarşı daha kinli və amansız oldum».
   Şair və yazıçılarımızın Böyük Vətən müharıbəsi dövründəki yaradıcılığını vərəqlədikcə bir daha məlum olur ki, faşizm üzərində qələbənin qazanılmasında ön cəbhədə döyüşən 600 mindən çox azərbaycanlı ilə, arxa cəbhədə çalışan yüz minlərlə soydaşımızla, o cümlədən Bakı nefti ilə yanaşı, ədəbiyyatımız da mərdliklə döyüşüb.
   
   Təranə Sərdarqızı