Sentyabrın 11-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində IX Beynəlxalq Müsəlman Kinosu Festivalının bağlanış mərasimi keçirilib.
   2005-ci ildən başlayaraq ənənəvi olaraq keçirilən festivala bu il 27 ölkə qatılıb. Festivala təqdim olunan 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.
   Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə \"Azanfilm\" studiyasında çəkdiyi \"Əriyən ada\" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının \"Ən yaxşı qısametrajlı sənədli film\" nominasiyasının qalibi olub.
   Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar.
   Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir.
   Qeyd edək ki, “Əriyən ada” filmi sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək.