Lənkəranın bar-bərəkəti festivalda nümayiş olunub

Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında qələbəlik vardı. İnsanlar bayramsayağı bəzədilmiş parkda keçirilən ikinci Çay, çəltik və sitrus festivalına toplaşmışdılar.

Festival ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən “məhsul bayramları”nı xatırladırdı. 1979-cu ildə rayonda təşkil olunan “Məhsul bayramı”nda ümummilli lider Heydər Əliyev də iştirak etmişdi.

Son illər Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub. İkinci ildir keçirilən festival da bu sahələrin inkişafını təcəssüm etdirir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivala rəsmilər, Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, digər qonaqlar qatılıblar. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül  dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar “Çayımızın dadı var”, “Lənkəranın düyüsü - dillər əzbəri”, “Qonaq evin ruzi-bərəkətini artırar” adlı pavilyonlarla və digər stendlərlə tanış olublar.

Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət bayram süfrəsi qonaqlarda xüsusi maraq doğurub.

Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli sortlar olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən plovlar, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamı ləvəngi və digər milli xörəklər təqdim edilib.

Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ikinci dəfə keçirilən Çay, çəltik və sitrus festivalı münasibətilə təbrik edib. Bayram tədbirində aqrar bölmədə uğur qazanmış fermer və məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Festival çərçivəsində şəhərin mərkəzi meydanında satış-sərgi də təşkil olunub.

Axşamadək davam edən tədbirdə bədii özfəaliyyət kollektivləri rəngarəng ədəbi-bədii kompozisiyalarla çıxış edib, əyləncəli və musiqili proqramlar təqdim olunub. Festivalın ssenari müəllifi və quruluşçu rejissoru şəhər Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzədir.

Xarici qonaqlar festivala xüsusi maraq göstəriblər.

“Mən və həyat yoldaşım Bakıda olarkən eşitdik ki, Lənkəranda belə bir festival keçiriləcək. Bizim üçün maraqlı gəldi. Qərara aldıq ki, gəlib festivalda iştirak edək”, - deyə almaniyalı turist Albert Sabelus AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Bakıda işləyən və Lənkərana ilk dəfə gələn Hindistan vətəndaşı Partha Sarati də festivaldan zəngin təəssürat aldığını deyib: “Burada nümayiş olunan kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri, bədii özfəaliyyət kollektivlərinin çıxışları, xüsusilə, milli rəqsləriniz çox xoşuma gəldi”.