Yeni serial ilin sonunda ekranlara çıxacaq

Son illər ölkəmizdə kinematoqrafiyanın inkişafı, milli televiziya filmlərinin istehsalı sahəsində canlanma müşahidə olunur. Dövlətin bu sahəyə göstərdiyi maliyyə dəstəyi televiziya kanalları arasında rəqabət mühiti formalaşdırıb. Hazırda əksər kanallarda yerli istehsalımız olan seriallar nümayiş olunur. Onların arasında tamaşaçı rəğbəti qazananlar da var, günün tələblərinə cavab verməyənlər də.

Bu günlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində çəkiliş qrupunun qızğın işinin şahidi oldum. Hansı ekran layihəsinin reallaşdırıldığını öyrənmək istədim, məlum oldu ki, “Qisas” adlı yeni serial çəkilir. Suallarıma cavab almaq məqsədilə yaradıcı heyətlə tamam başqa bir məkanda görüşməli olduq.
Bakının mərkəzi küçələrindən biri. Burada yeni serialın çəkilişləri aparılır. Çəkiliş meydançasına yaxınlaşarkən yoldan ötənlərin ayaq saxlayıb prosesi maraqla izlədiklərinin şahidi oluruq. Kino aləmi, onun kadr arxası hər kəs üçün maraqlıdır.
Artıq çəkilişin baş tutduğu ərazidəyik. Serialın epizodlarından biri kimyəvi təmizləmə məntəqəsində lentə alınır. Buna görə də ilk olaraq rejissorun səsini eşidirik: “O təmizləyici vasitələri vitrindən yığışdırın!”. Yaradıcı heyət havanın soyuq və çiskinli olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə ilə tapşırıqlarının öhdəsindən gəlməyə çalışır. Rejissor assistentləri, qrim ustaları, texniki işçilər - hər kəs iş başındadır.
Bu zaman “Fəryad”, “Dolu”, “Dərvişin qeydləri” bədii filmlərindən, “Qaranlıqlar çiçəyi”, “Qarabağnamə”, “Çaqqal nəfəsi” seriallarından tanıdığımız aktyor Cavanşir Hadıyevi görürük. Öyrənirik ki, aktyor yeni serialda baş rollardan birini ifa edir. Onun tərəf-müqabilləri - gənc aktrisa Vəfa Babayeva və “Dolu”, “İlahi məxluq”, “Bakı, mən səni sevirəm” layihəsində və “Mosfilm”in istehsalı olan “Sonuncu” filmində rol alan Corc Qafarov da çəkiliş meydançasındadır. Bir kadr, yenə bir kadr... Olmadı, yenə bir kadr və nəhayət, alındı...
Fasilədən istifadə edib rejissor Asif Abramova yaxınlaşırıq. O, maraqlı televiziya proqramları layihəsi ilə tamaşaçıların yaddaşında qalıb. Bir müddət Türkiyədə yaşayıb və türkiyəli rejissorların serial təcrübəsini öyrənməyə çalışıb. Rejissor bildirdi ki, “Qisas” adlı serial yazıçı-hüquqşünas Tahir Kazımovun eyniadlı romanı əsasında çəkilir. Əsər 60-cı illərdə yazılsa da, 30 seriyadan ibarət olacaq ekran işində hadisələr müasir dövrlə əlaqələndirilir: “Romanda maraqlı həyat tərzi, münaqişələr, oğul və atanın ziddiyyəti və s. situasiyalar məni cəlb etdi. Müasir zamanda da bu cür hadisələrlə rastlaşırıq. Serial vasitəsilə göstərmək istəyirik ki, həyatda belə insanlar, ailələr, talelər var”.
Bugünkü serial bazarında olan rəqabətdə fərqlənmək, uğur qazanmaq istədiklərini deyən rejissor işlərinin yaxşı qurulduğunu qeyd etdi: “Ötən il “Muradına çatan günəş” adlı serialımız müsbət qarşılandı və bu il yenidən çəkiliş təklifi aldıq. Milli Televiziya və Radio Şurası da layihəni bəyəndi və vəsait ayrıldı. Yaradıcı heyətdə işgüzar mühit yaranıb. Ümid edirəm ki, işimizin nəticəsi uğurlu olacaq və tamaşaçılar tərəfindən bəyəniləcək. Artıq 12 seriyanı tamamlamışıq. Dekabrın sonunda serialı kinosevərlərin ixtiyarına verməyi düşünürük”.
Aktyor Cavanşir Hadıyev serialda Feyruz (ata) obrazını canlandırır. Feyruz tragik bir obrazdır və çətin seçim qarşısındadır. Zinət əşyaları və brilyant alveri ilə məşğuldur. Burada ata-oğul problemi qabarıq şəkildə əks etdirilir. Təəssüf ki, ata və oğul heç cür bir-biri ilə anlaşmırlar və sonluq faciə ilə bitir.
Vəfa Babayeva Mədəniyyət və İncəsənət Universiteti dram və kino aktyorluğu fakültəsinin II kurs tələbəsidir. Bu layihə onun sənətdə ilk addımlarıdır. Kollektivdən razıdır və bacardığı qədər ona həvalə edilən rolun öhdəsindən gəlməyə çalışır.
Hələ məktəbli olan Corc Qafarov isə artıq 6 filmə çəkilib. Serialda oğul obrazını yaradır. Deyir ki, canlandırdığım obraz xaraktercə mənə yaxın olmasa da, çalışıram ki, rolun öhdəsindən gələ bilim. Hazırda 11-ci sinfində oxuyan Corc orta məktəbi bitirəndən sonra sənədlərini ADMİU-nun aktyorluq fakültəsinə vermək fikrindədir: “İlk dəfə kinorejissor Yavər Rzayev məni filmə çəkəndə ağlıma gəlmirdi ki, bu sənəti bu dərəcədə sevə bilərəm. İndi bilirəm ki, mütləq aktyor olacağam”.
Yeni serialın quruluşçu operatoru Yusif Şəfiyevdir, rolları Akademik Milli Dram və Gənc Tamaşaçılar teatrlarının aktyorları - Qurban İsmayılov, Zemfira Əbdülsəmədova, Sərdar İsgəndərov, İlyas Əhmədov və başqaları ifa edirlər.
Qeyd edək ki, “Qisas” detektiv romanında bir qətl cinayəti ətrafında aparılan əməliyyat-istintaq tədbirləri zamanı aşkar edilmiş bir qrup insanın pozğun həyat tərzi, qisasçılıqları, onların acınacaqlı aqibəti və məhəbbət macəraları təsvir olunub.

Lalə Azəri