Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Azərbaycan və SSRİ-nin dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Sənətkarın yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq təşkil edilən gecədə kino xadimləri, Rasim Ocaqovun sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edəcək. Gecədə mərhum sənətkarın həyat və yaradıcılığından söz açılacaq, xatirələr söyləniləcək, sənətkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunacaq.