Məşhur filmin qəhrəmanları 32 ildən sonra yenidən tamaşaçılarla görüşə gəlirlər

Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" (“Weit Media”) kino şirkətinin birgə istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" bədii filminin təqdimatı olacaq.

1981-ci ildə çəkilən və keçmiş SSRİ məkanında geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan "Qorxma, mən səninləyəm!" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kinolentin ssenari müəllifi və rejissoru Yuli Qusmandır.
Filmin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Xalq artisti Polad Bülbüloğlu, birinci ekran əsərində olduğu kimi, "Qorxma, mən səninləyəm! 1919" filmində də musiqi bəstələməklə yanaşı, eyni zamanda baş rollardan birini ifa edib.
Filmdə həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, Azərbaycandan xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, Nuriyə Əhmədova, eləcə də Kristina Güləliyeva, Eldar Qasımov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Rövşən Əsgərov və başqaları çəkiliblər.
Filmin yaradıcı heyətinin Rusiya tərəfini təmsil edən bir qrupu təqdimatda iştirak etmək üçün Bakıya gəlib.