Noyabrın 18-dən 24-dək Rusiyanın Sankt-Peterburq şəhərində “Nevski Blaqovest” beynəlxalq xristian kinofestivalı keçiriləcək. “Nərimanfilm” studiyasından bildiriblər ki, festivalda Azərbaycan rejissoru İlqar Safatın “Sofrili müqəddəs ana” filmi də nümayiş etdiriləcək.
“Nevski Blaqovest” kinofestivalı ilk dəfə 2007-ci ildə keçirilib. Həmin vaxtdan başlayaraq Rus Pravoslav kilsəsi tamaşaçılara uca “məhəbbət” sözünü kino, rəsm və foto vasitəsilə çatdırır. Tolerantlıq və müxtəlif dini dünya görüşünə mənsub insanlara hörmət məsələsi, əsrlər öncə olduğu kimi, bu gün də aktualdır. Fərqli mədəniyyətə malik insanlara marağın artırılmasını qarşısına məqsəd qoyan “Nevski Blaqovest” festivalı ildən-ilə bu mövzuya daha çox diqqət ayırır.