Rusiyanın Tula şəhərində “Gülümsə, Rusiya!” (“Ulıbnis, Rossiya”) XIV komediya filmləri festivalı keçirilib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Weit Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filmi festivalın mükafatına layiq görülüb. Filmin quruluşçu rejissoru həmvətənimiz Yuli Qusmandır. Filmin bəstəkarı Polad Bülbüloğluna ayrıca diplom təqdim edilib.
Tulada artıq üçüncü dəfə keçirilən festivalın rəhbəri tanınmış Rusiya kinorejissoru və ssenaristi Alla Surkovadır. Builki festival çərçivəsində Rusiyada çəkilmiş komediya filmləri nümayiş etdirilib, habelə bir neçə ekran əsərinin premyerası olub.
Festivalın bağlanış mərasimində Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, Xalq artisti Polad Bülbüloğlu filmin yaradıcı heyəti adından festivalın təşkilatçılarına və iştirakçılarına, münsiflər heyətinə təşəkkürünü bildirib.