Rejissor Arif Babayevin xatirəsi yad edildi

Dekabrın 26-da Dövlət Film Fondunda görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə rejissorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxdılar.

Gecə rejissorun fotoşəkillərindən ibarət slaydın nümayişi ilə başladı. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Arif Babayevin yaradıcılığı haqqında fikirlərini bölüşdü. Onun yaradıcılığındakı dolğunluğun hər sənətkara nəsib olmadığını bildirdi: “Arif Babayev televiziya rejissoru kimi sənətə gəlsə də, sonradan kinematoqrafiya onun yaradıcılığının əsas meyarı olub. Kino sənətimizdə onun hər bir filminin özünəməxsus yeri var. Sənətkarın “Gün keçdi” və “Uşaqlığın son gecəsi” filmləri bu gün kino rejissorluğumuzda dərslik kimi də istifadə edilə bilər. Rejissorun ekran əsərləri sanki silsilə təşkil edir və bu filmlər səmimiyyət və sevgi üzərində qurulub”.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə rejissoru Bakının ekran şairi adlandırdı: “Arif Babayev Azərbaycan kinosunda paytaxtımızın balladasını yaradıb. O, yorulmadan işləyərdi və hər zaman yenilik axtarardı. Çox zaman onu şəhərin müxtəlif yerlərində çiynində kamera ilə gəzən görərdik. Həmin kamera ilə çəkdiklərini sonradan biz kinoda görürdük. “Gün keçdi” filmindəki Oqtay obrazı məhz sənətkarın özünü əks etdirir”.
Xalq artisti Əminə Yusifqızı, Əməkdar incəsənət xadimi, operator Kənan Məmmədov, Əməkdar artist Elxan Qasımov və digərləri rejissorun həyat və yaradıcılığı haqqında danışdılar, onunla bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, Arif Babayev əmək fəaliyyətinə Azərbaycan Televiziyasında uşaq verilişləri redaksiyasında rejissor kimi başlayıb. O, sənədli filmlərlə yanaşı, kino salnaməmizdə xüsusi yeri olan 9 bədii film çəkib.
Rejissorun Bakıya, xüsusilə də doğulduğu İçərişəhərə bağlılığı onun yaradıcılığında da aydın şəkildə özünü göstərir. Filmlərinin əsas mövzusu da məhz Bakı və İçərişəhərdir.
Xatirə gecəsində rejissorun filmlərindən fraqmentlər nümayiş olundu.

L.Azəri