Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən gənc rejissorların “24 kadr” qısametrajlı film festivalına yekun vurulub. “Metropark” Ticarət və Əyləncə Mərkəzindəki “Park Cinema”da keçirilən mərasimdə birinci, ikinci və üçüncü yerləri tutan gənc rejissorlara diplom və pul mükafatları (700, 500, 300 manat) təqdim edilib.
25 gənc rejissorun 34 bədii və sənədli ekran işinin təqdim olunduğu festivalda “Fəridin dünyası” filminin rejissoru Leyla Qəmbərli qalib adını qazanıb. “Pul” filminin rejissoru Cavid Camalov ikinci, “Əlvida, mənim dostum” filminin rejissoru Dilarə Vəliyeva isə üçüncü yeri tutub.
“Ən yaxşı aktyor” nominasiyası üzrə “Pul” filmində baş rol ifaçısı Səbuhi Bayramov, “Ən yaxşı ssenarist” nominasiyası üzrə “Mən kimə lazımam” filminin ssenari müəllifi Rüstəm İbrahimli, “Ən yaxşı operator” nominasiyası üzrə “Bakıda Polşa memarlarının izləri” filminin operatoru Asif Qəhrəmanov, “Ən gənc rejissor” nominasiyası üzrə isə festivalın altı yaşlı iştirakçısı Mələk Bağıyeva xüsusi diplomlarla təltif olunublar.
Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, münsiflər heyətinin üzvləri Fehruz Şamıyev və Qurban Məsimov bu cür festivalların Azərbaycanda kino sənətinin inkişafına töhfə verdiyini bildiriblər.