Yanvarın 4-də Gəncədə şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın anım mərasimi keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cavad xan türbəsinin önündə təşkil olunub.

Mərasimdə çıxış edən tarix elmləri doktoru, professor Həsənbala Sadıqov 1747-1804-cü illərdə Gəncə xanlığının tarixi barədə danışıb. Bildirilib ki, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiya qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsində Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digərləri çıxış edərək diqqətə çatdırıblar ki, Cavad xan Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.