Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Televiziya və Radio Komitəsinin sədri Asadullo Rahmonovla görüşüb. Görüşdə A.Həsənov müxtəlif sahələrdə münasibətlərə toxunaraq, teleradio və KİV sahəsində əməkdaşlıq əlaqələrinin dinamik inkişafını qeyd edib.
Diplomat 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirildiyini, azərbaycanlı musiqiçilərin iştirakı ilə dost ölkədə 13 konsertin təşkil edildiyini diqqətə çatdırıb.
Görüşdə bu sahədə əlaqələrin daha da genişlənməsinin, peşəkar teleradio, media nümayəndələrinin, kinooperatorların qarşılıqlı səfərlərinin təşkil edilməsinin, hər iki xalqın görkəmli şəxsiyyətləri Nizami Gəncəvi, Kamal Xocəndi, Məhsəti Gəncəvi və başqaları barədə birgə filmlərin çəkilişinin vacibliyi qeyd edilib. Azərbaycan və Tacikistanın teleradio kanallarında qədim və zəngin mədəniyyətə və tarixə malik iki ölkənin xalqlarının həyatına həsr edilmiş verilişlərin nümayiş etdirilməsinin əhəmiyyəti vurğulanıb. Komitə sədri Tacikistanın televiziya kanallarının Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı verilişlərin, filmlərimizin nümayiş etdirilməsinə hazır olduğunu bildirib.