Amerika kino sənayesində “Oskar”dan sonra ikinci mükafat sayılan “Qızıl qlobus”un yeni sahibləri elan edilib. Hollivudda Xarici Mətbuat Assosiasiyasının rəyinə əsasən müəyyənləşən mükafatın qalibləri yanvarın 12-də keçirilən mərasimdə açıqlanıb.
Rejissor Stiv Makkuinin “12 il köləlikdə” filmi 2013-cü ilin ən yaxşı filmi hesab edilib.
“Qravitasiya” filminin rejissoru meksikalı Alfonso Kuaron ən yaxşı rejissor işinə görə mükafat alıb.
“Ən yaxşı dramatik aktrisa” nominasiyasında Keyt Blanşett Vudi Allenin “Jasmin” filmində ifa etdiyi rola görə qalib gəlib.
Ən yaxşı aktyor adına Ron Vudrufun “Dallas alıcılar klubu” filmində QİÇS xəstəliyinə tutulmuş kişi rolunun ifaçısı Metyu Makkonaxi layiq görülüb.
“İkinci dərəcəli ən yaxşı aktrisa” nominasiyasında ilin ən yaxşı komediya filmi hesab edilmiş “Amerikansayağı fırıldaq” kriminal tragikomediyasında baş qəhrəmanın arvadı rolunu ifa etmiş 23 yaşlı Cenifer Lourens qalib gəlib.
Cared Leto “Dallas alıcılar klubu”nda roluna görə “İkinci dərəcəli ən yaxşı kişi rolu” nominasiyasında mükafatla təltif edilib.
Hollivud jurnalistləri İtaliya kinematoqraflarının “Böyük gözəllik” lentini ən yaxşı xarici film hesab ediblər.
“Qızıl qlobus” Amerika kino mükafatı 1944-cü ildən etibarən təqdim edilir. Xarici Mətbuat Assosiasiyasının 90-a yaxın üzvü 250 milyonluq oxucu auditoriyasına malik 55 ölkəni təmsil edir.