Yanvarın 23-dən etibarən yalnız Nizami Kino Mərkəzində “Düyün dərnək” (“Tələsik düyünə şeytan qarışır”) adlı türk filminin nümayişi başlayıb. Komediya janrında çəkilən, izləyici sayı ilə rekord vuran filmin rejissoru və ssenari müəllifi Səlçuq Aydəmirdir.
Sivasın Esenyurt kəndində yaşayan İsmayılın oğlu Tarık xaricdən qayıdır. İlk baxışdan vətən həsrəti çəkən biri kimi görünsə də, onun gəlişinin əsas səbəbi tezliklə ortaya çıxır. Çalışdığı Latviyada Monika adlı qızla bərabər olan gənc bu ölkədə işləmək üçün onunla evlənməlidir. Oğlunu mütləq toy-düyünlə evləndirməkdə qərarlı olan atası İsmayıl pulu olmasa da, qaz balonu daşıyan (“tüpçü”) Fikrəti, Çətini və kəndin müəllimi Səffəti səfərbər edərək sazlı-sözlü toy hazırlığına başlayır...
Tamaşaçılara bol-bol gülüş vəd edən bu ekran əsərinin qəhrəmanlarını aktyorlar Əhməd Kural, Murat Cemcir, Rasim Öztekin, Devrim Yakut və Barış Yıldız canlandırıblar.