Yanvarın 22-də Rotterdamda (Niderland) 43-cü beynəlxalq kino festivalı açılıb. Adətən alternativ və qeyri-kommersiya kinosunun dəstəklənməsinə istiqamətlənən bu festivalın əsas mükafatı uğrunda 15 film mübarizə aparır.
Tanınmış rejissorlardan və kino tənqidçilərindən ibarət nüfuzlu münsiflər heyəti üç qalibi seçməli olacaq. Onların hər biri 15 min avro məbləğində pul mükafatı və bundan daha əhəmiyyətlisi, beynəlxalq şöhrət qazanacaq. Müsabiqədə iştirak etmək üçün zəruri şərt ondan ibarətdir ki, film rejissorun birinci və ya ikinci işi olmalıdır. Mükafatın sahibi fevralın 1-də məlum olacaq.
Kinofestivalda 60 ölkədən 220 tammetrajlı və 320 qısametrajlı film nümayiş etdiriləcək. Tədbir çərçivəsində filmlərin nümayiş etdirilməsi ilə yanaşı, müxtəlif sərgilər, seminarlar, aktyorlar və rejissorlarla görüşlər keçirilir.