“Şəhər incəsənəti. Azərbaycan” (City Art Azerbaijan) layihəsinin yaradıcı heyətinin təşkilatçılığı ilə “Qədim şəhərin müasir çaları ol!” təsviri və tətbiqi incəsənət müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası, Memarlıq və İncəsənət İnstitutu, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Xəzər Universiteti, Mirzə Ələkbər Sabir Fondu və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin tərəfdaşlığı və dəstəyi ilə reallaşdırılacaq.

AMEA-dan bildiriblər ki, müsabiqə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrasına yönəlib. Sərgi, təlimlər, əyani işin yaradılması və nümayişi formatında baş tutacaq müsabiqənin ideyası müasir şəhər incəsənəti trendlərinin və dəbinin gənclər arasında düzgün təbliğinə yönəlib.

Müsabiqənin iştirakçıları istənilən texnikadan (rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət, qraffiti, konseptual art, foto, video, instalyasiya və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər.

İşlərin qəbulu üçün son tarix martın 11-dir. Əlaqə: cityart.azerbaijan@gmail.com;  (+994 55) 454 04 75; (+994 55) 739 88 76.