Fevralın 15-də 64-cü Berlin beynəlxalq kinofestivalı başa çatıb. Amerikalı rejissor və prodüser Ceyms Şaymusun rəhbərlik etdiyi beynəlxalq jüri festivalın əsas mükafatını - “Qızıl ayı”nı “Qara kömür, nazik buz” adlı Çin filminə verib.
Film kök bir müstəntiqin səs-küylü qətllər törətmiş killeri axtarmasından bəhs edir. Filmdə müstəntiq Zhang Zili rolunu oynamış və bu rol üçün 20 kiloqram kökəlməli olmuş aktyor Liao Fan "Ən yaxşı aktyor" mükafatına layiq görülüb. Filmin rejissoru Diao Yinan deyib ki, bu zəfər Çin kinosunun dünyada getdikcə daha çox qəbul edildiyini göstərir.
Münsiflər heyətinin qərarına görə, festivalın ikinci mükafatına (Qran-pri) alman-amerikan istehsalı olan “Qrand Budapeşt hoteli” filmi (rejissor Ues Andersen) layiq görülüb.
Yaponiyalı Haru Kuroki “Balaca ev” ("Chiisai Ouchi") filmindəki roluna görə "Ən yaxşı aktrisa" seçilib. Film II Dünya müharibəsindən əvvəl və müharibə dövründə Tokioda çalışan bir qulluqçudan bəhs edir. Amerikalı Riçard Linkleyter "Ən yaxşı rejissor" mükafatını (“Yeniyetməlik dövrü” filmi) qazanıb.
Yeni perspektivlər üzrə Alfred Bauer adına mükafat isə fransız Alen Renenin “Sevmək, içmək və oxumaq” filminə verilib. “Ən yaxşı ssenari”yə görə alman Ditrix Brüqmanın “Xaç yolu” filmi mükafatlandırılıb. “Bədii nailiyyətinə görə” mükafatı Çin-alman filmi “Massaj”ın operatoru Çanq Çenq alıb.