Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Gənclər günü münasibətilə silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində özfəaliyyət kollektivlərinin gənc solistləri və “Nice” rəqs qrupunun iştirakı ilə konsert təşkil edilib.

Əlamətdar günlə bağlı daha bir konsert C.Cabbarlı adına Mədəniyyət evində keçirilib. Mədəniyyət evinin solistləri, “Aynabənd” rok qrupu gəncləri musiqi ilə təbrik ediblər. “Turan” milli rəqs qrupunun ifası da maraqla izlənilib. Sonda tədbir iştirakçıları dekorativ-tətbiqi sənət sərgisi ilə tanış olublar.

Qubadlı rayon Mədəniyyət evi “Gənclik ümmandır” adlı tədbir keçirib. Mərasimdə Mahmudlu kənd Mədəniyyət evinin bədii rəhbəri Solmaz Məmmədova gəncləri təbrik edib. Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin hazırladığı rəqs və musiqi nömrələri təqdim olunub.

Şuşa rayon Mədəniyyət mərkəzinin rayon gənclər və idman idarəsi ilə birlikdə keçirdiyi bayram tədbirində “Şuşanın dağlıarı” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Sonda tədbirlərdə fərqlənən özfəaliyyət kollektivlərinin üzvləri fəxri fərman və diplomlarla təltif olunublar.

* * *

Şəki Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində “Sabahı işıqlandıran gənclərdir” adlı tədbir keçirilib.

MİHİ rayon komitəsinin sədri Rəhman Məmmədov, Mədəniyyət mərkəzinin direktoru Ağaəli Cəlilov, Gənclər və idman idarəsinin rəis müavini Aytən Səfərova çıxış edərək gənclərə uğurlar arzulayıblar.

Rayon komitəsi tərəfindən mədəniyyət və ictimai fəaliyyət sahələrində fərqlənən yaradıcı və istedadlı gənclər mükafatlandırılıb.

* * *

Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət mərkəzində rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər günü qeyd olunub. İcra Hakimiyyəti və Gənclər və idman idarəsinin adından rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir  Mədəniyyət mərkəzinin gənc incəsənət ustaları və “Masallı” rəqs qrupunun ifasında konsert proqramı ilə davam edib.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “Gənclik millətin gələcəyidir” adlı konfrans təşkil olunub. Tədbirdə MKS-nin direktoru Saməddin Nəsirov, kitabxana əməkdaşları, fəal oxucular çıxış ediblər. Sonda əlamətdar günlə bağlı sərgiyə baxış keçirilib.

* * *

Ağstafa Regional  Mədəniyyət İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin Mərkəzi kitabxanasında Gənclər gününə həsr olunmuş görüş keçirilib. BDU-nun Qazax filialının bir qrup tələbəsi və fəal oxucuların iştirak etdiyi tədbirdə MKS-nin direktoru Solmaz Babanlı çıxış edib. Tələbə və gənc oxucular ürək sözlərini bölüşüblər.

E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsində, Xanlıqlar, Cəfərli, İkinci Şıxlı kənd kitabxana filiallarında Gənclər günü qeyd olunub.

* * *

Gənclər günü ilə bağlı Salyan Rayon İcra Hakimiyyətində də görüş keçirilib. Görüşdə mədəni-kütləvi tədbirlərdə fəal iştirak etdiklərinə görə rayon Mədəniyyət mərkəzinin 6 gənc əməkdaşına İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun adından mükafatlar təqdim edilib.