Əliş Ləmbəranski haqqında sənədli film çəkilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə tanınmış dövlət xadimi, Əməkdar mühəndis, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyi qeyd olunur. Əliş Ləmbəranski respublikamızda bir sıra sənaye və mədəniyyət müəssisələrinin inşasında böyük xidmətlər göstərib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyası yubileylə bağlı “Yüz il və əbədiyyət” adlı sənədli filmin çəkilişinə başlayır. Filmin ssenari müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.
30 dəqiqəlik sənədli filmdə Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını gözəlləşdirən binalardan bəhs olunacaq. Çəkilişlər Bakı, Bərdə və Moskva şəhərlərində aparılacaq. Filmdə həmçinin Azərbaycan Dövlət Film Fondunun, Rusiya arxivlərinin foto və video materiallarından istifadə olunacaq.
Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib. Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib. Əliş Ləmbəranski 1999-cu ildə dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Fariz Hüseynov