67-ci Kann Beynəlxalq kinofestivalı mayın 14-də Fransa rejissoru Olivye Daanın “Monako şahzadəsi” filminin nümayişi ilə açıldı. Filmdə məşhur Amerika aktrisası, “Oskar” mükafatçısı Qreys Kellinin həyatından söz açılır.

Monako knyazı III Renye ilə ailə qurmuş Q.Kelli şahzadə titulunu Hollivud ulduzu statusundan üstün tutub. Filmdə Q.Kelli rolunda Nikol Kidman çəkilib.
Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) yer alıblar.
Xatırladaq ki, festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsində ilk dəfə Azərbaycan filmi də nümayiş olunacaq. “Azərbaycanfilm” kinostudiyasının və “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” (“The Last One”) filmi Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə ekran əsəridir. Quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmin qəhrəmanı II Dünya müharibəsinin sonuncu veteranıdır. Baş rolda İdris Rüstəmov çəkilib.
Kinofestivalda “Müsabiqədən kənar”, “Kann klassikası “, “Xüsusi baxış”, “Rejissor həftəliyi”, “Tənqid həftəsi” və başqa proqramlar təqdim olunacaq. “Rejissor həftəliyi” proqramına azərbaycanlı rejissor Elmar İmanov və türkiyəli Engin Kundağın çəkdiyi “Torn” filmi də daxil edilib. Dünya şöhrətli aktrisa Sofi Loren “Kann klassikası” proqramının qonağı olacaq. Festival mayın 25-dək davam edəcək.