Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhərin kitabxanalarında tədbirlər keçirilir.

28 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvi adına Kitabxana-klubda ekskursiyada olublar. Kitabxana-klubda fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdləri, kitabxananın fəal oxucuları isə Sumqayıtın Tarixi Muzeyinə ekskursiya ediblər.

M.Ə.Rəsulzadə adına Kitabxananın filialında Sumqayıt Dövlət Universitetinin tələbələri, 15 və 25 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Gənclərin maraq dünyası” adlı viktorina keçirilib.

Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə şəhərdəki Şahmat məktəbində “Sumqayıtın idman uğurları” adlı tədbir keçirilib.

* * *

Sabirabad Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Sabirabad rayon komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü  münasibətilə tədbir keçirilib.

İdarə rəisi Əhməd Ramazanov çıxış edərək tabe müəssisələrdə çalışan qadınları  təbrik edib. Regional idarə və MİHİ Sabirabad rayon komitəsi adından xanımlara hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

* * *

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Novruz təranələri” adlı  baxış-müsabiqə başlanıb.

Yeniyetmə istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyan ənənəvi müsabiqə martın 11-dək davam edəcək.

İştirakçıların çıxışı Mədəniyyət mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov, Uşaq incəsənət məktəbinin rəqs müəllimi Xumar Əsədova, Şəki Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Rəhim Qocayev və başqalarının yer aldığı münsiflər tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin sonunda fərqlənənlər Şəki Regional Mədəniyyət İdarəsi, rayon  Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaq.

* * *

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib.

İdarənin rəisi Nazim Ağayev 27  mart – 24 may tarixlərində Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalından danışıb. Sonra idarə rəisi Novruz bayramına hazırlıq, tabe müəssisələrin bayram şənliklərində iştirakı ilə bağlı tapşırıqlar verib.

İclasda həmçinin ulu öndər Heydər Əliyevin anadan olmasını 96-cı ildönümü münasibətilə keçiriləcək “Oxu bayramı”na hazırlıq, muzey fondlarının zənginləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat və məruzə  dinlənilib.

* * *

Lənkəran şəhərində dəmiryol vağzalının qarşısında Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bayramsayağı bəzədilmiş meydanda Novruzun müjdəçisi olan ilaxır çərşənbələrdən Od çərşənbəsi münasibətilə mərasim keçirilib.

İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bayram tonqalı qalanıb. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii kollektivlərinin və yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.