İştirakçılar 48 saat ərzində İçərişəhər mövzusunda 3 dəqiqəlik film çəkiblər

24-25 may tarixində Gənclər və İdman Nazirliyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin dəstəyi ilə “Şəhərin içi - İçərişəhər” sosial layihəsi çərçivəsində kinomarafon keçirilib. Layihənin şərtlərinə əsasən iştirakçılar 48 saat ərzində İçərişəhər mövzusunda 3 dəqiqəlik film çəkiblər.
Qeyd edək ki, sözügedən kinomarafon “Sinemasport” qrupunun 12-ci belə layihəsidir. Layihənin koordinatoru Eldar Albertssonun sözlərinə görə, marafonda texniki keyfiyyət şərt deyil: “Əsas məsələ film çəkməkdir”.
“Sinemasport” film çəkmək istəyən kino həvəskarları və ya kinematoqrafçılardan ibarət təşəbbüskar qrupdur. Layihənin əsası ABŞ-da qoyulub. Marafonun nəticələri olan filmlər mayın 29-da Nizami Kino Mərkəzində nümayiş olunub.