Mədəniyyət Nazirliyi ilə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya layihəsi davam edir.

Layihənin növbəti konsert proqramı çəkilişi Şamaxı rayon Mədəniyyət Mərkəzində gerçəkləşib.

Konsert proqramı İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ rayonlarının mədəni irsinin təbliği, regionun mədəni potensialının nümayiş etdirilməsi məqsədilə təşkil edilib.

Xatırladaq ki, regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına və incəsənətinə həsr olunan “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya verilişinin ilk çəkilişi fevral ayında Ağstafa rayonunda aparılmışdı.

Şamaxıda keçirilən konsertdə regional idarənin tabeliyində olan rayonların istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, özfəaliyyət kollektivləri milli və etnik rəqs nümunələri ilə çıxış ediblər. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.